Rəbiyyə Məmmədova saxlanılıb

İctimai fəal, "Sapla" tikiş sexinin qurucusu Rəbiyyə Məmmədova aprelin 11-də saxlanıb.
Bir qədər əvvəl o, Facebook səhifəsində İqtisadiyyat Nazirliyi qarşısında oturaq etiraz aksiyası keçirməsi ilə bağlı paylaşım etmişdi.
Hələlik, məsələyə İqtisadiyyat Nazirliyi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
R.Məmmədova iki gün əvvəl, aprelin 9-da da Sahibkarlığın İnkişafı Fondunun (SİF) qarşısında təkadamlıq oturaq etiraz aksiyası keçirdiyini açıqlamışdı. O bildirirdi ki, fevralın 6-dan müraciət etsə də, kredit ala bilmir. Onun vurğulamasına görə, Fonddan ona müraciətinin araşdırıldığını bildiriblər.
Məmmədova vurğulayırdı ki, söhbət 15 min manatlıq kreditdən gedir və onlar bu məbləği faizi ilə geri qaytaracaqlar, lakin kredit verilmir. O, 2022-ci ildə yaratdığı "Sapla" adlı sosial təşəbbüsün fəaliyyətinin davam etdirilməsinə əngəllər yaradıldığını iddia edirdi.
Xanım sahibkar bir neçə gün əvvəl bununla bağlı prezident İlham Əliyevə də müraciət ünvanladığını bildirmişdi.