Ali Məhkəmə Samir Piriyevin işinə baxıb

İlin sonu yaxınlaşdıqca məhkəmələr işləri yekunlaşdıraraq il ərzində davam edən iclasları bitirməyə çalışır. Belə məhkəmələrdən biri də dekabrın 17-si siyasi məhbus Samir Priyevin müraciəti əsasında təşkil olunub. Ali Məhkəmə S. Priyevin şikayəti əsasında 2024-cü il 29 mart tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına baxıb.

Məhkəmə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, inanclı haqqında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddə ilə çıxarılan qərardan şikayəti araşdırıb. Hakim Priyevdən məhkəmədən gözləntisini soruşarkən o, haqqı olan bəraətin verilməsini istəyib.

Bundan sonra hakim qərarı elan edib. O, Samir Priyevin cəzasından 6 ay azaldaraq cəzanı 4 ildən 3 il 6 aya endirib. Bununla da məhkəmə iclası yekunlaşıb.

Xatırladaq ki, Priyev Samir Mübariz oğlu 2023-cü il iyunun 22-də saxlanılmış və barəsində narkotiklərlə bağlı saxta ittiham irəli sürülmüşdü. Məhkəmə qeyd edilən ittiham üzrə Priyevi müqəssir bilərək onu 4 il müddətinə azadlıqdan məhrum etmişdi.