Hakimiyyətin qarşı-qarşıya qoyduğu üç məktəb: Milli, Dini və Demokratik institutlar III - sonuncu hissə

Milli dəyərlər də çox zaman həm dini dəyərlərlə qarşı-qarşıya qoyulmaqla, həm də demokratiya adı altında milliliyə zidd davranışların təşviqi səbəbindən bu iki cəbhə arasında sıxışdırılaraq növbəti parçalanma nümunəsinə çevrildi. Milli dəyərlərin qorunması adı ilə Qərbə yönəli siyasətin acı nəticələrinin qabardıldığı bu oyunda xalqın bu təbəqəsi də hakimiyyətin məharətlə qurduğu planın mahiyyətindən xəbərsiz şəkildə prosesin dərin böhran yaradan iştirakçısına çevrildi.

“Ərəbə ağladığımız halda niyə öz bugünkü qəhrəmanlarımıza yas tutmayaq?” kimi şüarların arxasında dayanan siyasi məqsədlərdən bixəbər olan bu cəbhə, hakimiyyətin gizli xəncərindən xəbərsiz şəkildə inancı hədəfə alaraq bütün gücünü bu istiqamətdə səfərbər etdi. Nəticədə düşmən mövqeyinə gətirilən öz vətəndaşı, bu çağırışların hansı siyasi maraqlardan qaynaqlandığını dərk etmədən dini bütün gücü ilə əzməyə başladı.

Bu savaşda zəiflədilən tərəflər zamanla üç böyük düşmən cəbhəsinə çevrildi. Halbuki hər üçünü də asanlıqla öz ovuna çevirib məhv etməyə hazır olan yeganə güc hakimiyyət idi. Bu reallıq qarşısında cəmiyyətin bu qədər rahat şəkildə məğlub olması acı və düşündürücü bir təəssüf doğurur.

Ortaya çıxan nəticə açıq şəkildə göstərir ki, mövcud hakimiyyət üçün nə milli, nə dini, nə də demokratik dəyərlər real məna kəsb edir. Bu həqiqətin dərk olunmaması və ya yetərincə izah edilməməsi isə bəzən geri dönüşü olmayan fəsadlara yol açır. Bu gün bu gerçək hələ də kifayət qədər diqqətlə qiymətləndirilməyən bir həqiqət olaraq qalır.

Milli dəyərlərin aşındığı, ailə institutlarının dağıldığı, əxlaqın, mədəniyyətin, şərəf və ləyaqətin hərrac predmetinə çevrildiyi bugünkü mənzərə hakimiyyətin bu məsələlərə yanaşmasının ən sadə və açıq izahıdır.

Eyni zamanda yüzlərlə inanclı şəxsin, onlarla din xadiminin, hətta inanclı qadınların belə həbsə məruz qalması, məscidlərin fəaliyyətinin məhdudlaşdırılması və dini azadlıqların buxovlanması rejimin dinə münasibətinin aydın tablosunu ortaya qoyur.

Nəhayət, dəmir barmaqlıqlar arxasında söz və media azadlığının əzilməsi, demokratiya tərəfdarlarının fiziki və psixoloji işgəncələrə məruz qalaraq azadlıqdan məhrum edilməsi bu sistem üçün demokratiyanın hansı mahiyyət daşıdığını açıq şəkildə nümayiş etdirir.

Bütün bu qarşıdurmaların və savaşların pərdə arxasında hakimiyyətin məkirli planının dayanması isə bizi bir daha düşünməyə, baş verənləri dərindən təhlil etməyə çağırır.

Son

Müəllifin məqalələri: