İsraildə psixologiyası pozulan hərbçi polisə atəş açdı: Ölən var

Şənbə günü, sentyabrın 5-də axşam saatlarında İsrailin Netaniya şəhərinin Kiryat ha-Şaron məhəlləsində İsrail gündəmini sarsıdan hadisə baş verib.

Belə ki, Sərhəd polisinin (MAQAV) müddətli hərbi qulluqçusu, 20 yaşlı çavuş David Hoyer Amrani polislərə atəş açıb və nəticədə zərərsizləşdirilib.

Xəsarət alan hərbçi xəstəxanaya çatdırılsa da, aldığı güllə yaralarından keçinib. Hadisə zamanı başqa xəsarət alan olmayıb.

Məlumata görə, insidentdən bir qədər əvvəl Amrani mülki geyimdə və əlində uzunlüləli silahla küçədə gəzərkən kameraya düşüb. Onun posttravmatik stres pozuntusundan  əziyyət çəkdiyi ehtimal olunur. Lakin Müdafiə Nazirliyinin Bərpa Şöbəsindən bildirilib ki, çavuş rəsmi qeydiyyatda olmayıb və kömək üçün müraciət etməyib.

2024-cü ilin avqustunda xidmətə çağırılan Amrani əvvəlcə Xevron şəhərində, son 8 ayda isə İudeya və Samariya dairəsinin 39-cu rotasında xidmət edirmiş.

Atışma barədə məlumat saat (yerli saatla) 19:07-də təcili yardıma daxil olub. Əraziyə mərkəz polis dairəsinin böyük qüvvələri və polis rəisi general-mayor Amir Koen cəlb olunub.

Şahidlərin sözlərinə görə, avtomat atəşləri eşidilən kimi ərazidəki sakinlər təşviş içində evlərinə və təhlükəsiz yerlərə qaçıblar.

Klayman: “Müharibədən qayıdan hərbçiləri taleyin ümidinə buraxmayın”

İsrail Ordusu Əlilləri Təşkilatının sədri İdan Klayman hadisə ilə bağlı kəskin bəyanat verərək bunu İsrail üçün “həyəcan siqnalı” adlandırıb:

“Bu faciə dərin araşdırma tələb edir. Dövlətin döyüş meydanından qayıtdıqdan sonra psixoloji problemlərlə mübarizə aparan on minlərlə hərbçini taleyin ümidinə bırakmağa haqqı yoxdur. Biz uçurumun kənarındayıq.”

Klayman Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirə müraciət edərək, bu tür hadisələrin qarşısını almaq üçün Ordu və Müdafiə Nazirliyinin birgə təhqiqat aparmasını tələb edib.