İraqda Quran nüsxələrinin hazırlanmasında ilk

İmam Hüseyn (ə) müqəddəs ziyarətgahı ilə əlaqəli “Əl-Varis” Nəşriyyat Mərkəzi İraqda misli görünməmiş elmi və bədii dizayn standartlarl ilə hazırlanmış 51 000 nüsxə Müqəddəs Quranın istehsalının başa çatdığını elan edib.

İki il yarım davam edən bu layihə idxal olunan nəşrlərdən asılılığı azaltmaq və orijinal İraq müsəhəfi nəşr etmək məqsədilə həyata keçirilib.

“Əl-Varis” mərkəzinin baş müfəttişi Müntəzər Saleh KİV-ə bildirib ki, layihə İraq kitabxanaları və məscidlərinin tələbatını daxili imkanlara əsaslanaraq təmin etmək məqsədilə başladılıb. O vurğulayıb ki, İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının qanuni himayəçisi Şeyx Əbdül-Mehdi əl-Kərbəlayinin göstərişi ilə bu müsəhəf məşhur xəttat Osman Tahinin əlyazması əsasında ən yüksək dəqiqliklə hazırlanıb.

İstehsalın bütün mərhələlərində yüksək məsuliyyət səviyyəsinin olduğunu qeyd edən Saleh əlavə edib: “Bu Quranın hər bir səhifəsi ayrıca üç mərhələdə (çapdan əvvəl, çap zamanı və çapdan sonra) yoxlanılıb. Beləliklə, qiraətin və hərəkələrin düzgünlüyünün ən yüksək səviyyədə təmin edilməsi üçün hər bir sətir və hər bir söz ciddi nəzarət altında saxlanılıb”.

Bədii xüsusiyyətlərdən danışan “Əl-Varis”in baş müfəttişi bildirib ki, ənənəvi şablonlardan fərqli olaraq, bu nəşrin daxili tərtibatında İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının günbəzi və minarələrinin simvolik təsvirindən istifadə olunub. Bundan əlavə, üz qabığında və səhifələrdəki bütün ornament və naxışlar mərkəzin ixtisaslaşmış rəssamları tərəfindən bitki üslubunda əl ilə hazırlanıb və işlənib.

O həmçinin qeyd edib ki, “Zad əl-Müttəqin” kitabının uğurlu çapından sonra bu layihə İmam Hüseyn məbədinin idarə olunmasına rəhbərlik edən şəxsin göstərişi ilə 100 000 nüsxəlik hədəfə çatmaq məqsədilə genişləndirilib və 100 və 500 nüsxəlik sınaq tirajları mərhələlərini uğurla keçib.

“Əl-Varis” nəşriyyatının baş müfəttişi sözlərini davam etdirib: “İlk mərhələlərin uğuru barədə hesabat qanuni himayəçiyə təqdim edildikdən sonra daha 10 000 nüsxənin çapına icazə verildi və bu proses bir neçə mərhələdə davam etdirildi. Bu günədək Müqəddəs Quranın müxtəlif formatlarda (standart və daha böyük ölçülər də daxil olmaqla) 51 000 nüsxəsi çap olunub və təşkilat qarşıya qoyulmuş 100 000 nüsxəlik nəşr hədəfinə doğru irəliləməyə davam edir”.