Axios: Bin Salmanın “Yəməni vurun” xahişini Tramp rədd edib

Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman Yəmən ordusunun strateji Moxa şəhərini ələ keçirərək Bab əl-Məndəb boğazına nəzarəti möhkəmləndirməsindən sonra, cümə axşamı ABŞ Prezidenti Donald Trampa iki dəfə zəng edərək Yəmənə birbaşa hərbi zərbələr endirilməsini xahiş edib.

Bu barədə Axios yazır.

Qeyd olunur ki, iki ABŞ rəsmisinə istinadən yayılan xəbərdə Trampın Bin Salmanın bu tələbini rədd etdiyi bildirilir. Amerikalı rəsmilər Vaşinqtonun hazırkı mərhələdə Yəmənə birbaşa hərbi müdaxilə etmək niyyətində olmadığını vurğulayıblar.

Məqalədə qeyd olunur ki, İranın hal-hazırda Hörmüz boğazında dəniz nəqliyyatını axsatdığı bir vaxtda Yəmən ordusunun Bab əl-Məndəbə nəzarəti ələ keçirməsi Tehrana ABŞ və Fars körfəzindəki müttəfiqlərinə qarşı yeni və güclü təzyiq rıçaqı qazandıra bilər.

Axios-un məlumatına görə, Vaşinqton Yəməndə sürətlə gərginləşən toqquşmalardan narahat olsa da, birbaşa hərbi müdaxilədən qaçmağa və eyni zamanda Səudiyyə rəhbərliyinə dəstəyini artırmağa çalışır.

Məsələ ilə tanış olan iki mənbənin bildirdiyinə görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı amiral Brad Kuper təcili koordinasiya görüşləri keçirmək üçün cümə axşamı Səudiyyə Ərəbistanına səfər edib.

Səudiyyə rejimi ilə Yəmən arasındakı döyüşlər Ər-Riyadın iyul ayında İranın Ali Dini Lideri Əli Xameneinin dəfn mərasimindən qayıdan yəmənli yüksək səviyyəli rəsmiləri daşıyan İran təyyarəsinin Sənaya enişinə mane olmasından sonra yenidən alovlanmışdı.

Bin Salman bundan sonra Trampdan Səna hava limanına zərbə endirmək üçün siyasi dəstək istəmiş, lakin Səudiyyə rejiminin ABŞ-ın hərbi köməyinə ehtiyacı olmadığını bildirmişdi. Tramp da bu hücuma siyasi dəstək vermişdi.

Yəmən ordusu cavab olaraq Qırmızı dənizdə Səudiyyə neft tankerlərini hədəf almış, Ər-Riyadın neft ixracı üçün kritik marşrutu təhdid etmiş və daha sonra hücumlarını Səudiyyənin enerji obyektlərinə qədər genişləndirmişdi.

 

“ABŞ-a ehtiyacımız yoxdur” mövqeyindən müdaxilə xahişinə

Axios vurğulayır ki, Səudiyyə rejiminin ABŞ-dan birbaşa hərbi müdaxilə tələb etməsi iyul ayındakı mövqeyinə nəzərən kəskin bir geri dönüşdür. İyulda Ər-Riyad Vaşinqtona Yəmənlə təkbaşına bacara biləcəyini bildirmişdi. Lakin döyüşlərin şiddətlənməsi ilə Səudiyyə rejimi ABŞ-dan getdikcə daha çox dəstək istəməyə başlayıb.

Mənbələrin verdiyi məlumata görə, ABŞ-ın hərbi və mülki rəsmiləri son həftələrdə Səudiyyə nümayəndələrinə Trampın tapşırığının Amerika qüvvələrini İran və Hörmüz boğazına yönəltmək, Yəməndə isə yeni cəbhə açmaqdan yayınmaq olduğunu çatdırıblar.

ABŞ rəsmilərinin sözlərinə görə, Yəmən ordusunun Moxaya irəlilədiyi və Səudiyyə tərəfindən dəstəklənən qüvvələrin geri çəkildiyi cümə axşamı Bin Salman pisləşən hərbi vəziyyət barədə məlumat vermək üçün Trampa zəng edib. Bin Salman bir neçə saat sonra Trampa ikinci dəfə zəng edərək ABŞ ordusunun Yəmənə hücum etməsini xahiş edib. ABŞ rəsmilərindən biri bildirib ki, Tramp birbaşa hücum tələbini qəbul etməsə də, Vaşinqton Səudiyyə rejimini Yəmən ordusuna dair kəşfiyyat və hədəf məlumatları ilə təmin edəcək. Rəsmi şəxs həmçinin təxminən 200 nəfərlik ABŞ hərbi heyətinin Səudiyyə Ərəbistanında olduğunu və birbaşa döyüşlərə girmədən dəstək verdiyini qeyd edib.