Sovetlərin beyinlərə məhkum etdiyi qorxunc bir vurusun təsirləri təəssüf ki, illərin əsarət buxovunu qırsa da düşüncə asılılığını dəyişə bilmədi. Zaman ötdükcə isə birbaşa müstəqillik, suverenlik anlayışına hədəflənən bu təfəkkür nəinki məhvə məhkum edilmədi, əksinə böyük güc və ideoloji dəstəklə böyüdü, genişləndi və möhkəmləndi. Buna etiraz vətənə cinayət olaraq səsləndirilən bir ortamın qurulması isə həmişə təhlükə altında olan müstəqillik və azadlıq düşüncəsini yenidən incə bir nöqtəyə, onun formal, rəsmi və ya psixoloji itirilmə sərhədlərinə gətirdi.
Azərbaycanın dövlətçilik tarixi uzun əsrlərə, imperiyaların qurulma yüzilliklərinə söykənmir. Bir əsrin ömür salnaməsinə 23 aylıq ilk addımlar və 90-cı illərdən başlayan müstəqilliyin bərpası tarixi həyati təcrübənin qurulma imkanlarını məhdudlaşdırdı. Bizim dövlətin yaradılmasından sonra müstəqil, suveren bir idarəçilik altında böyümək istəklərimiz sovetlərin əsarət zənciri ilə buxovlandı.
Mənfur imperiya təkcə müstəqilliyimizi əlimizdən almaq, onu əsarətə salmaqla kifayətlənmədi. O, bir pillə irəli gedərək cəmiyyətdə yaşaya biləcək azadlıq çağırışçılarını da hədəfindən kənar tutmadı. Bu, təkcə siyasi gücə malik dövlət rəsmiləri deyildi, eyni halda vətənpərvər təfəffükürə xidməti dəyən bütün sahələri öz iti caynağı ilə əzməklə bu düşüncənin bütün imkanlarını elə beşikdəcə boğdu.
Növbəti mərhələdə sovetlərin idarəçilik konsepsiyaları üçün sədaqət nümayiş etdirən daxili və xarici qüvvələrin birliyi müstəqil, azad, suveren bir dövlətin mümkün fikirlərini sovet, vahid ailə, böyük qardaş kimi qorxulu düşüncələrlə əvəzlədi. Bunun üçün təkcə fikir sahibləri işləmədi, güc mexanizmi də mümkün qorxu mühitini formalaşdıraraq uzun illər xalqı hazırlanmış plan üzrə idarə etməyə başladı.
Müəyyən zamandan sonra bizim düşüncəmiz sovetlərin böyük qardaş olması, həyatımızın onun yanında olmadan mümkünsüzlük kimi asılı bir fikir bütünlükdə hökmran olaraq üzərimizdə təsirini genişləndirdi. Qlobal dünyanın imkanlarından xəbərsiz və azadlıq duyğusunu tanımadan itirən bir xalq üçün cani-dildən çalışan sovet ideoloqlarının təqdimatı çox keçmədi ki, öz təsirini qoymağa başladı.
60-cı illər Sovet Azərbaycanı artıq arzu edilən bir nöqtəyə yüksəlmiş nəticənin bariz nümunəsi idi. Azərbaycan ziyalısından kəndlisinə qədər böyük əksəriyət artıq öz varlığını sovetlərin vahid ailəsində görmək qədər məmnunluq yaşayırdı. Bunun üçün o, çiçəklənən bir dövlətin naliyyətini yaşarkən bunun məstliyindən çətinlikləri arxada qoyan bir uğurlu sabahı məhz sovet ailəsinin sərhədləri daxilində görürdü.
Elm, mədəniyyət, yeni uğurlar sovetlərin üzərində yeni imkanlar açarkən Azərbaycan sovetlisi də bunu birlik və bərabərlik naliyyəti olaraq qəbul etdi. Haqlı olaraq təcrübəsiz bir dövlətçilik tarixi onda başqa bir hiss formalaşdırmamalı idi də. Digər tərəfdən keşməkeş və çətinliklərdən sonra maddi firavanlıq pöhrələri onda xəyali arzuları üçün real bir səhnə yaratdı.
Heç təsadüfi deyil ki, ilk müstəqillik qaranquşlarının dolaşdığı Qafqaz evində “Müstəqillik Aktı” bu gün “azadlıq” deyib bağıran bir çox ziyalıların etirazları ilə rədd edildi. Lakin zamanın tələbi, dağılmış Sosializm 15 respublikanın hər biri kimi bizim də müstəqil, suveren haqqımıza bir başlanğıc sayılmalı idi. Şübhəsiz bu nöqtədə azadlıq mübarizləri, bu yolun şəhidləri, ilk müstəqillik düşüncələrinin yayılması üçün cani-dildən çalışanların illər sonra yenidən müstəqil olacaq bir azad yaşam təsəvvürlərinə qapı açırdı. Lakin bu qapıdan daxil olmaq, oradan azadlıq əldə edib azad düşüncəni formalaşdırmaqla inkişaf etdirmək, azadlıq əldə etməkdən heç də asan sayılmamalı idi.
Bu problem müstəqillik fikirlərinin yer aldığı 90-cı illərin acı təcrübəsində də yaşanırdı. İran, yoxsa Türkiyə, Qərb, Amerika yoxsa... Bəli elə o zamanlarda da təsirləndirilən aratorların çıxışları müstəqillik, azadlıq arzularını gerçəkləşdirirdi, lakin nədəsə böyük əksəriyyətin özünün təsəvvür edə bilmədiyi heç kəsin təsirini qəbul etmədən müstəqil olmaq fikri onlar üçün də qaranlıq və mücərrəd idi.
Müstəqillik düşüncəsinin həqiqəti 1-ci hissə