Yəməndə Husilər ölkənin Qırmızı dəniz sahilləri boyunca yerləşən ərazilərə tam nəzarəti ələ keçirdib.
“Reuters”, AFP və “Al Jazeera”nın məlumatına görə, Husi qüvvələri cümə günü Yəmən hökumətinə bağlı qüvvələrə qarşı sürətli irəliləyiş nəticəsində sahildə qalan son yaşayış məntəqələrini ələ keçiriblər.
Məlumata görə, husilər Bab əl-Məndəb boğazındakı adalara da çıxıblar. Bu irəliləyiş İranın dəstəklədiyi husilərin Ədən körfəzini Qırmızı dənizlə birləşdirən mühüm dəniz yoluna nəzarətini gücləndirir.
Husi qüvvələrinin cümə axşamı səhər Mocha şəhərinə daxil olduğu, daha sonra isə yaxınlıqdakı adaları ələ keçirmək üçün dənizə çıxdığı bildirilir.
Yəmən hökumətindəki mənbələr “Reuters”ə deyiblər ki, husilər Bab əl-Məndəb sahilində yerləşən Dhubab şəhərinə də çatıblar.
Hökumət qüvvələrinin geri çəkilməsindən sonra döyüşçüləri daşıyan qayıqlar boğazın mərkəzində yerləşən Mayyun adasına (Perim adası kimi tanınan) daxil olub.
AFP-nin danışdığı mənbələrdən biri bildirib ki, “husilər Bab əl-Məndəb bölgəsinin ələ keçirilməsini başa çatdırıblar”.
Husilərin hərbi sözçüsü Yəhya Səri X sosial şəbəkəsində yaydığı açıqlamada əməliyyat nəticəsində Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin altı rayondan çıxarıldığını bildirib.
“Al Jazeera”nın Sənadan məlumat verən jurnalisti bildirib ki, husilərin Bab əl-Məndəb üzərində tam nəzarət qurması ilə bağlı onların Sənadakı administrasiyası hələ rəsmi açıqlama verməyib.
Bab əl-Məndəb Qırmızı dənizin cənub girişidir və qlobal dəniz ticarəti üçün strateji əhəmiyyət daşıyır. Boğaz həmçinin Səudiyyə Ərəbistanının neft terminallarından Avropaya neft daşınması üçün Hörmüz boğazından yan keçən alternativ marşrutlardan biri hesab olunur.
Husilərin əvvəlki illərdə Qırmızı dənizdə ticarət gəmilərinə hücumları bu marşrut üzrə hərəkətin ciddi azalmasına səbəb olmuşdu.
Son irəliləyişlərlə bağlı xəbərlər fonunda dünya bazarlarında neft qiymətləri də yüksəlib. Cümə günü neftin bir barrelinin qiymətinin mayın ortalarından bəri ilk dəfə 100 dollar həddinin üzərində bağlanmağa doğru getdiyi bildirilir.
ABŞ-da dizel yanacağının orta qiymətinin isə bir qallon üçün 6 dolları keçdiyi qeyd olunur.
Husilər ölkənin Qırmızı dəniz sahilləri boyunca yerləşən əraziləri nəzarətinə alıb