Azərbaycan Gimnastika Federasiyası cəzalandırılıb

Dekabrın 31-də Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Azərbaycan Gimnastika Federasiyasını (AGF) Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən tədbirlərdə iştirakdan 180 gün kənarlaşdırıb. Azərbaycan yığması məşqçilərinin kobud etik qayda pozuntularına yol verdiyi bildirilir.

Azərbaycan milli komandasının sabiq baş məşqçisi, gənclər və idman nazirinin müavini Mariana Vasileva ömürlük diskvalifikasiya edilib. O, idmançılara qarşı fiziki zorakılıqda günahlandırılır.

Digər məşqçilər də müxtəlif cəzalar alıblar.

AGF-dən idmançıların təhlükəsizliyi ilə bağlı prosedur və mexanizmlərin yoxlanması üçün ekspert təyin etməsi, rüblük hesabatlar verməsi, gələcəkdə hadisənin təkrarlanmaması üçün digər tədbirlər görməsi tələb olunur.

AGF nümayəndələri FIG şurasının və konqresinin qarşıdakı iclaslarında iştirak etməyəcəklər.

Maraqlıdır ki, bu il fevral, mart və aprel aylarında Bakıda batutda tullanma, idman və bədii gimnastika üzrə Dünya Kubokunun mərhələləri keçirilməlidir.

İstirahət günləri olduğundan AGF-nin və başqa maraqlı tərəflərin sanksiyalara münasibətini öyrənmək mümkün olmayıb.