Ərdəbil imam cüməsi: Qonşularla mehriban qonşuluq İslam Respublikasının qəti siyasətidir

“Qonşularla mehriban qonşuluq İslam Respublikasının qəti siyasətidir və Ali Məqamlı Rəhbər tərəfindən vurğulanır. Heç kimin haqqı yoxdur ki, adi və qeyri-rəsmi bir şəxsin mərasimin haşiyəsində dediyi sözlərini ölkənin adına bağlasın.”

Ayətullah doktor Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrinin bir hissəsində deyib: “Ali Məqamlı Rəhbərin ədəbiyyatı meyar ədəbiyyatdır və biz hamımız onun davamçısıyıq. Amerika prezidentlərinin bir-birinə dedikləri kobud sözlər həqiqətən rüsvayçılıqdır. Quran, Allahın Rəsulu (s) və Əhli-beyt (ə) bizə öyrətmişdir ki, hətta düşmənlərimizlə də gözəl mübahisə edək.”

Ayətullah Amili bildirib: “Bu göstərişlər bizim əməllərimiz üçün nizamnamədir. Bu nizamnaməni bizim üçün Quran, Allahın Rəsulu (s) və Əhli-beyt (ə) tərtib etmişdir. Biz bu günə qədər buna əməl etmişik və bundan sonra da əməl edəcəyik. Bizi nə qədər qəzəbləndirsələr də, bu prinsipdən ayrılmayacağıq.”

Ərdəbil imam cüməsi xütbəsinin davamında deyib: “Keçmişdə bəzi ölkələr bizim ölkəmizin böyüklərinə təhqiramiz sözlər dedilər, böyüklərimizin karikaturasını çəkdilər, amma biz nəzakət, ədəb, əxlaqdan kənara çıxmadıq və çıxmayacağıq.”

Vəliyyi-fəqihin Ərdəbil vilayəti üzrə təmsilçisi deyib: “Ölkələrdən birində general Süleymaninin dəfn mərasimində onun haqqında bizim üçün Savalan dağından da ağır olan ifadə işlədildi. Diplomatik sistemimiz də sükut etdi. Halbuki bu təhqir həmin ölkənin rəsmi mövqeyi idi. Amma biz yenə öz prinsipimizdən, yəni nəzakətə, etikaya riayət etməkdən kənara çıxmadıq.”

Ərdəbil imam cüməsi daha sonra deyib: “Diplomatik və rəsmi səviyyədə təhqiredici söz yoxdur və olmayacaq. Yəni heç kimin haqqı yoxdur ki, adi və qeyri-rəsmi bir şəxsin mərasimin haşiyəsində dediyi sözlərini və şəxsi fikirlərini ölkənin adına bağlasın.”

Ayətullah Amili deyib: “Bu həftə məclislərin birində adi və qeyri-rəsmi şəxsin istifadə etdiyi uyğun olmayan ədəbiyyat bizim rəsmi, dini və etiqadi ədəbiyyatımız və İslam Respublikasının rəsmi mövqeyi ola bilməz. Bunu ölkənin mövqeyi kimi qələmə vermək diplomatiya aləmində tamamilə qeyri-ənənəvidir və sual doğurur.”

Vəliyyi-fəqihin Ərdəbil vilayətində nümayəndəsi əlavə edib: “Hamı bilir ki, ayrı-ayrı şəxslərin şəxsi açıqlamaları heç bir halda dünyanın heç bir hökumətinin rəsmi mövqeyi deyil.”

İmam cümə qeyd edib ki, bu hadisədə bizim üçün böyük bir sual yarandı. O da budur ki, nə məddah, nə xətib, nə də icraçı olan adi bir şəxsin sözlərinə xarici media niyə bu qədər diqqət çəkdi? Hətta Amerika parlamentarlarından biri də işə qarışdı. Bu sual böyük və narahatedici bir sualdır və bizim bəsirətli xalqımız bu sualın cavabını hamıdan yaxşı bilir.

Rəhbərlik Ekspertlər Şurasının üzvü deyib: “Bu xalqın düşmənləri İranın qonşuları ilə İranın münasibətlərini korlamaq istəyirlər. Qonşularla mehriban qonşuluq İslam Respublikasının qəti siyasətidir və Ali Məqamlı Rəhbər tərəfindən vurğulanır. Ölkənin diplomatik sistemində rəsmi şəxslərin bu prinsipin əksinə olan bir söz deməsi mümkün deyil.”