İlahiyyatçı Hacı Ramil Bədəlov bu həftə cümə söhbətini “Münacat” adlı yeni mövzu ilə başladı

Hacı Ramil Bədəlov silsiləvi cümə xütbəsini bu həftə də sosial media üzərindən davam etdirib. Rəcəb, Şabah və Ramazan aylarını əhatə edəcək yeni mövzu başlayan ilahiyyatçı bu cümə mövzuya giriş edib. Bəndənin öz Yaradanı ilə həmsöhbət olması mənasını daşıyan münacat adlı mövzunun geniş olduğunu bildirən ilahiyyatçı izahi mübarək aylar boyunca sürəcəyinə diqqət çəkib.

“Allah və bəndə arasında xüsusi, eyni halda səmimi söhbət münacat adlanır. Münacatın dua ilə fərqləri vardır ki, bu barədə növbəti söhbətlərimizdə izah verəcəyik. Mövzuya müqəddimə olaraq isə ibadət edən insanları araşdırmağa ehtiyac var. İbadət baxımından insanlar 3 qrupa bölünür:

1-ci qrup - adi insanlardır; Allaha qorxu üzündən ibadət edən insanlar. Bu qrup insanlar mahiyyəti lazımınca dərk etməyən, lakin qorxu üzündən, cəhənnəm odunda yanma təhlükəsinə görə ibadət edənlərdir.

2-ci qrup - aqil insanlardır; Aqil insanlar ağılları vasitəsi ilə araşdırır, məntiqli nəticəyə gəlirlər. Onların ibadətləri ağlın onları gətirdiyi nəticədir. Aqillər, ağıl sahibləri həyatı müşahidə edərək nəticə əldə edə bilirlər.

3-cü qrup - aşiq insanlardır; Aşiq üçün məşuqun hər bir istəyi sevgi üzündən baş verir. Onlar ibadəti sevərək icra edir. Hətta aşiqlər məşuqdan hansısa istək, göstəriş, əmr gəlməyəndə narahat belə olurlar. Bu eşqin yaratdığı fəzadır. Aşiqlərin ibadəti eşq üzündəndir.”

İlahiyyatçı hər üç qrup haqqında Quran və hədislərdən müvafiq nümunələr çəkməklə fikirlərini əsaslandırıb. Söhbətinin ardını isə növbəti cümə xütbəsində davam etdirəcəyini bildirərək o, bu həftəki söhbətini bitirib.

Sonunda Hacı Ramil Bədəlov dualar edərək bəşəriyyətə rifah və əminamanlıq diləyib.