“Qardaşımın üzündə aydın seziləcək qədər işgəncə izləri var idi”

Həbs dalğası davam edərkən bu dəfə də eyni ssenari icra edilib. Maştağa sakini inanclı Elvin Zeynalov evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb. 
Hadisə yanvarın 31-də yaşanıb. Elvin Zeynalov saxlanılandan bir neçə saat sonra qara geyimlilər tərəfindən yaşadığı mənzilə gətirilib. Onlar evdə axtarış aparıb və təbii ki, narkotik maddə “müəyyən edilərək” lentə alınıb.
Bütün bunların yüzlərlə inanclının həbsinin məhz narkotik ittihamı ilə gerçəkləşdirildiyindən təəccüblü deyil. 

Axtarış aparılan zaman evdə olan Elvin Zeynalovun bacısı bildirib ki, qardaşının üz nahiyyəsində işgəncə izləri aydın görünürdü. Bəlli ki, saxlanılaraq aparıldığı hansısa idarədə ona işgəncə verilib. Bacısı axtarış  zamanı onların kim və hansı idarəyə aid olması barəsində sorğusunun da cavabsız qaldığıni bildirib. Ona yalnız “qardaşınız özü sizinlə əlaqə saxlayacaq” deyilib.
Təbii, ailə məlum vəziyyətdən narahatdır. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və Ombudsman Aparatına müraciətlərə baxmayaraq, onlar Zeynalovun saxlanıldığı yeri müəyyən edə bilməyiblər.
Gündəlik qazanc əldə edən Elvin siyasi məhbus olan dayısı Etibar İsmayılov kimi inanclıların ailəsinə yardım göstərib. Onun həbsinin də məhz bununla əlaqəli olduğu ehtimal edilir.