Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycana dair "paralel müzakirələr"

Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.

Dinləmələri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Avropa Şurası Parlament Assambleyasının üzvü, Avropa birləşmiş sol Qrupunun həmsədri, ispaniyalı parlamentari Laura Kastel Fort təşkil edib.

Dinləmələr zamanı Fort jurnalistlər və fəallar da daxil olmaqla, 331-dən çox siyasi məhbusun olduğu Azərbaycanda insan hüquqları sahəsində böhranın pisləşdiyini qınayıb.

O 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası insan hüquqlarının pozulması səbəbindən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməkdən imtina etdikdən sonra Assambleyanın deputatlarının, o cümlədən özünün Azərbaycana girişinə qadağa qoyulmasını tənqid edib.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının 2025-ci il qış sessiyasında iştirakdan imtina etməsi isə ölkənin öz öhdəliklərinə və məsuliyyətlərinə etinasızlığını göstərir.

"Biz zəmanət verməliyik ki, Azərbaycanda siyasi məhbuslar unudulmayacaq, müstəqil səslərə qarşı repressiyalar cəzasız qalmayacaq və Avropa Şurası özünün demokratiya, insan hüquqları və qanunun aliliyi kimi dəyərlərini müdafiə etməkdə qətiyyətli qalacaq " - Laura Kastel Fort deyib.

İslandiyalı parlamentari Torhildur Sunna Evarsdottir 25 illik öhdəliyinə baxmayaraq, Azərbaycanın kəskinləşməkdə olan siyasi məhbuslar problemini həll etməməsindən narahatlığını bildirib. O, ayrı-ayrı şəxslərin həbsinin siyasi motivlərini inkar etdiyinə və ədalətsiz məhkəmə çəkişmələrinə görə Azərbaycan hakimiyyətini tənqid edib.

Cenevrədə yerləşən İnsan Hüquqları İnstitutundan Diana Nazarets Avropa Şurasında tam iştirakı bərpa etmək  üçün siyasi iradəsinin olmamasına görə Azərbaycanı tənqid edib.

Siyasi motivli həbslərə danılmaz sübutların olmasına baxmayaraq, Azərbaycan hökuməti siyasi məhbusların olduğunu inkar edir.

"Ölkə Avropa Şurası çərçivəsində öz öhdəliklərindən getdikcə uzaqlaşır", -  Nazarets deyib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun həmtəsisçisi Emin Hüseynov COP29 tədbirindən öz avtoritar imicini yaxşılaşdırmaq üçün istifadə etdiyinə görə Azərbaycan hakimiyyətini tənqid edib, iştirak edən əsas xadimlər isə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrilə həmrəylik nümayiş etdirməyiblər.

Avropa Şurası jurnalistlərinin təhlükəsizlik Platformasına görə, həbsdə olan ən çox jurnalist Azərbaycandadır və bu vəziyyət Avropa Şurası üzvü olmayan Belarus və Rusiya Federasiyası ilə müqayisə olunur. Azərbaycanın Avropa Şurasının bir hissəsi olmasına baxmayaraq, o, məhkəmə qərarlarına məhəl qoymur, qurbanlara kompensasiyaları ödəmir və demokratik nəzarəti rədd edir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen əsasən siyasi partiyalar, KİV və qeyri-hökumət təşkilatları ilə bağlı təcili qanunvericilik dəyişikliklərini və onların  Avropa Şurası standartlarına uyğunlaşdırılmasının vacibliyini qeyd edib.

Kristoffersen həmçinin iki kateqoriyalı üzvlüyün yaradılması məqsədilə təşkilatın restrukturizasiyasının mümkünlüyü məsələsini qaldırıb: öhdəliklərə əməl edənlər və onlara əməl etməyənlər. Bu,  potensial olaraq vətəndaş cəmiyyətinin daha əhəmiyyətli rol oynamasına imkan verəcək.

 

Turan.az