Azərbaycan nümayəndə heyəti AŞPA-da niyə yoxdur?

Dünən, yanvarın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, orada Azərbaycan nümayəndə heyəti olmayıb. Hələlik, bunun dəqiq səbəbini Milli Məclisin Mətbuat xidmətindən dəqiqləşdirmək mümkün olmayıb. Parlamentdəki mənbələrdən "Turan"a bildirilib ki, AŞPA-dan Azərbaycana dəvət gəlməyib, sessiyada iştirak edib-etməmək məsələsinə baxması üçün ilk növbədə ölkəyə dəvət göndərilməlidir.

Azərbaycanın Avropa Şurasında səs hüququndan məhrum edilməsinin təşəbbüskarlarından almaniyalı deputat Frank Şvabe isə X sosial şəbəkəsində belə yazıb: "Azərbaycan Avropa Şurasının dəyərlərinə və qaydalarına prinsipial hörmətsizlik nümayiş etdirdiyinə görə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə malik ola bilməyəcəyini etiraf edir və Strasburqa akkreditasiya üçün nümayəndə heyəti göndərmir".

Azərbaycanın qurumdakı səsvermə hüququ bir ildir dondurulub. Buna səbəb kimi, əsasən, Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı, üstəlik, həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.