Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır

2024-cü ilin yekunlarıyla bağlı rəsmi statistik göstəricilər ölkənin aqrar sektorunda durğunluq və geriləmə riski yarandığını göstərir. Kənd təsərrüfatının istənilən ölkənin ərzaq təhlükəsizliyini təmin edən aparıcı sahə olaraq əhəmiyyəti hər kəsə aydındır. Amma Azərbaycan kimi zəif sənayeləşmiş, urbanizasiya səviyyəsinin aşağı olduğu ölkələrdə aqrar sektor həm də əmək qabiliyyətli insanların böyük hissəsi üçün qazanc mənbəyidir.

Təkcə bir fakta diqqət yetirmək lazımdır ki, 2023-cü ildə ölkə üzrə ümumi daxili məhsulun sənayedə yaranan hissəsinin 92%-i, xidmət sektorunda yaranan hissəsinin 75%-i, tikinitidə yaranan hissəsinin 60%-i  Bakı şəhərində formalaşıb. Bu rəqəmlər ölkənin əyalətlərində yaşayan insanların tək ümidinin kənd təsərrüfatı olduğunu aşkar nümayiş etdirir və bu sektorda geriləmə bölgələrdə onsuz da ağır maddi şərtlər altında yaşamağa məcbur olan insanlar üçün fəlakət deməkdir.

2024-cü ilin ilkin statistik nəticələri

Açıqlanan məlumatlar göstərir ki, son 5 ildə Azərbaycanın aqrar sektorunda 2024-cü ildəki qədər aşağı səviyyəli artım olmayıb. Hətta qlobal pandemiyanın elan olunduğu, sərt qapanma və fəaliyyət məhdudiyyətlərinin tətbiq edildiyi 2020-ci ildə kənd təsərrüfatı 2% böyüdüyü halda, ötən il bu göstərici 1,5% ətrafında olub. Aqrar sektorda çalışanların mütləq əksəriyyətinin cəmləndiyi bitkiçilikdə isə artım göstəricisi daha aşağı olub – cəmi 1,1%.

2019-2024-cü illərdə kənd təsərrüfatında ən yüksək artım göstəriciləri pandemiyadan öncəki dövrə təsadüf edir: 2019-cu ildə 7,2% (bitkiçilikdə 11,7%), sonrakı illərdə isə 2-4% aralığında olmuşdu.

Bitkiçilikdə ciddi geriləmə rəsmi rəqəmlərdə aşkar görünür. 2024-cü ildə buğda istehsalı 8,7% və ya 148 min ton, kartof istehsalı 9% yaxud 83 min ton, üzüm istehsalı 10% və ya 20 min ton, çay istehsalı 5% yaxud 55 min ton azalıb, süd istehsalı, demək olar, eyni səviyyədə qalıb, iri və xırda buynuzlu heyvanlarn sayında orta hesabla 2,5%-ə yaxın azalma qeydə alınıb. 2024-cü ilin 11 ayının nəticələrinə bəzi bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsal göstəricilərində daha yüksək geriləmə olduğunu göstərir. Məsələn, dənli bitkilər istehsalı Qazax-Tovuz regionunda 20%, Mərkəzi Aranda 13%, kartof istehsalı Lənkəran-Astara bölgəsində 56% azalıb.

Heyvandarlıq sektorunda da vəziyyət bölgələrə görə dəyişir. Məsələn, ölkənin əksər əraziləri üzrə iri buynuzlu heyvanların sayı 2-3% azaldığı halda, Quba-Xaçmaz regionu üzrə bu göstərici 5%-ə yaxın olub. Xırda baş heyvanların sayı Qazax-Tovuz bölgəsində 11%-ə yaxın azalıb – bu, ölkə üzrə ən böyük azalma göstəricisidir.

Ət istehsalında ən çox azalma (6%) Quba-Xaçmaz regionunda qeydə alınıb. 

Aqrar sektordakı azalma və durğunluq idxalda da özünü göstərməyə başlayıb. Gömrük statistikasına görə, 2024-cü ildə ümumilikdə qida idxalı 15% və ya 310 milyon dollar artmaqla 2,5 milyard dollara çatıb. Öz növbəsində, ət idxalı 50% və ya 43 milyon dollar, kərə yağı idxalı 2 dəfəyə yaxın və ya 92,4 milyon dollar, meyvə-tərəvəz idxalı 20%-dən çox və ya 53 milyon dollar artıb.

Aqrar sektorun köklü problemləri

Şübhəsiz ki, əsas problemlərin siyahısı xeyli genişdir: sahə üzrə effektiv və şəffaf idarəetmənin olmaması, regionaların inkişafına yönəlmiş nəticə əsaslı siyasətin formalaşdırılmaması, arqrar sektora dövlət dəstəyinin səmərəliliyini ölçən və davamlı korreksiayalar edən mexanizmlərin yoxluğu; hökumətin kənd təsərrüfatı üzrə dəstək tədbirlərinin xırda  və orta fermerlərə deyil, məmurların himayəsində olan iri aqroholdiqnlərə, rəqabəti sıfırlayan inhisarçılığın bəslənməsinə yönəldilməsi həmin probmlemlərin heç də tam olamayan siyahısıdır. 

Rəqabətsizlik və dövlət dəstəyinin ədalətsiz bölgüsü özəl biznesin aqrar sektora marağını davamlı olaraq azaldıb. Bu, kənd təsərürfatına əsaslı kapital qoyuluşlarının hər il azalmasında və çox kiçik olmasında da özünü göstərir. Məsələn, 2024-cü ildə bütün iqtisadiyyata qoyulan əsaslı kapitalın cəmi 1,3%-i və ya 238 milyon manatı kənd təsərrüfatının payına düşüb. Əvvəllki ilə nisbətən aqrar sektora yatırılan sərmayələrin həcmi yarıbayarı azalıb. 2019-cu illə müqayisədə 2024-cü ildə kənd təsərürfatına mütləq rəqəmlə əsaslı kapital qoyuluşlarının həcmi 2 dəfə azalıb.

Bu sahəyə kapital qoyuluşunun əhəmiyyətli hissəsi meliorasiya və irriqasiya layihələri vasitəsilə dövlət tərəfindən icra edilir. Bunu nəzərə almadıqda, özəl biznesin aqrar sektora nə qədər az məbləğdə sərmayə yatırdığı aydın görünür.

Eyni vəziyyət banklar vasitəsilə ayrılan kreditlərin sahələr üzrə bölgüsündə də özünü göstərir. 2024-cü ildə iqtisadiyyat üzrə bütün kreditlərin təxminən 2%-i kənd təsərrüfatına gedib. Son 3 ildə aqrar sektora verilən kreditlərin məbləği 5%-ə yaxın azalıb və təxminən 548 milyon manat yaxın təşkil edib. Ötən 10 ildə ölkədə qiymətlərin səviyyəsinin 2 dəfədən çox artdığı bir şəraitdə keçən il aqrar sektora gedən kreditlərin mütləq məbləği hətta 2014-cü ilə nisbətən 300 milyon manat və ya 30% azdır.

Ən maraqlı məqamlardan biri budur ki, işğaldan azad edilmiş ərazilərin ölkənin aqrar sektorunda sıçrayışlı artıma gətirib çıxaracağıyla bağlı gözləntilərin tamimlə əksi olan proses baş verir, sektorda durğunluqdur.

Rəsmi statistika göstərir ki, 2022-cü ildə bu ərazilər hesabına əkin dövriyyəsinə 45 min hektara yaxın əlavə torpaq sahəsi cəlb edilsə də, 2023-cü ildə hansısa səbəbdən bu ərazilərdə əkin işləri dayandırılıb. 2022-ci ildə təkcə Şərqi Zəngəzur regionunda əkilən torpaqların həcmi 33 min hektardan çox artaraq 44 min hektara çatdığı halda, 2023-cü ildə həmin torpaqların həcmi yenidən 2021-ci ildəki göstəricinin səviyyəsinə enib. Oxşar vəziyyət Qarabağ iqtisadi rayonuna daxil olan Xocavənd rayonunda da qeydə alınıb. 

Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə torpaqlardan istifadə sahəsində şəffaflıq yoxdur və orda bir qayda olaraq yalnız siyasi hakimiyyətə yaxın biznes qruplarına çalışmaq imkanı yaradılır. Həmin ərazilərdə baş verən prosesləri ictimaiyyətdən buna görə gizli saxlamaq mümkün olur.

"Toplum TV"