Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Seçkilərə bir neçə gün qalmağına baxmayaraq, cəmiyyətdə seçki prosesinə marağın az olduğu, əksər siyasi partiyaların seçkilərə ciddi yanaşmadığı və bu yöndə aktiv iş aparmadıqları müşahidə olunur.
Ölkədə ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Həmin dövrdə seçici fəallığı 52,9 faiz olaraq qeydə alınmışdısa, 2019-cu ildə keçirilən son bələdiyyə seçkilərində fəallıq 32,69 faizə düşüb. Mərkəzi Seçki Komissiyasının verdiyi məlumatda belə deyilir.
Bəs bələdiyyə seçkilərinə marağın aydın müşahidə olunan azlığı, seçici fəallığının aşağı düşməsi nə ilə bağlıdır?
Ekspertlərin fikrincə, Azərbaycanda bələdiyyələr uzun illər fəaliyyət göstərməyinə baxmayaraq, bir institut kimi formalaşa bilməyiblər. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı deyir ki, seçkilərin kütləvi qanun pozuntuları ilə müşayiət olunması da bu instituta inamı zəiflədib.