Kəşkəşanlardan süzülən nur

Yaradılış bütün məqsədlərin tamını insan olaraq varlıqda cəmləyib. Köksündə sonsuz qüdrət, zəka və hikmət gizlənən insan sözün həqiqi mənasında şah əsəridir. Məhz bu özəlliklərə görə də insanlıq imkanların nəhayətindən faydalanmaqla zirvələr fəth edə bilir.

Bəşərin həqiqi dəyər nümayiş etdirən insan obrazı təkcə ağılın imkanlarından faydalanıb fitrətin özəllikləri ilə nəfsi ram edib həyat sürən insan deyil. Bu dəyərlər müstəvisində qiymətli olsa da kamal sayılmaz. Kamillik tam ram edilmiş nəfsi fitrətin idarəsi altında tənzimləyib insanlara və insanlığa yardım etməkdir. Bu, insan deyilən həqiqəti olan varlığın yaranma missiyasıdır.

Hədəfi kəşf edən insan digər varlıqların nicat və xilası üçün bütün gücü ilə mücadilə göstərən insandır. Onun cəmiyyət üzərindəki missiyada hər hansı bir qüsur nümayiş etdirmədən çalışması varlığının nə qədər böyük insan olduğuna nümunədir. Missiyanın həcmi, çərçivə və tələbləri onun daşıyıcısı olan insanın böyük insanlığının göstəricisidir.

Belə bir nümunə, missiyanın belə nəhayətində, bəşərin xilas və nicatı üçün bütün insanlığın yük və məsuliyyətini öz üzərinə götürdü. Hansı ki, Quran məntiqi ilə dağlara nazil olacağı halda toza çevriləcək mənəvi yükü, insanlıq missiyasını o, tam varlığı ilə qəbul etdi. Bununla da özünün yaradılışda misli olmayan bir özəllik nümunəsi olduğunu göstərdi.

Onu dərk edib anlamaq üçün böyük İlahi bir sistemin necə mükəmməlliklə qurulmasına və idarə olunmasına baxmaq kifayətdir. Bu quruluş artıq əsrlərdir ki, insanlığı haqqa çağıran İslamdır.

İslam təkcə din deyildi. O, insanlığın həyat konsepsiyası, bütün sahələrini əhatə edən yaşam tərzidir. Elə bu da İslamı digər dinlərdən fərqləndirən əsas cəhətdir. Ümumbəşəri yükün ağırlıq və məsuliyyəti şəxsin qüdrət və iradəsi, iman və inancına bağlı xüsusi özəllik ortaya qoydu ki, Hz. Muhəmməd (s) bütün bu missiyanı daşımaq gücündə idi. Elə bir missiya ki, ona qədər heç bir seçilmiş bu məsuliyyəti qaldırmaq gücünə malik olmadı.

Allah onun özəlliyini “Aləmlərə rəhmət” olaraq öyərək Rəsulunun təkcə bu dünya üçün deyil, aləmləri ağuşuna alacaq rəhmət dolu bir insan olaraq tanıtdı. 

Bu gün İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) Allah tərəfindən seçildiyi, Nəbi, Rəsul, Xatəmul Ənbiya, Övliya, Ülül-əzm, İmam olaraq sevdiyi gün, Məbəs günüdür. Bu münasibətlə bütün İslam ümmətini, xüsusi olaraq əziz Azərbaycan xalqını təbrik edirik.

Bayramınız mübarək.