Gürcüstanın nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırdı

“Gürcü Arzusu” Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırır. 

Bu barədə Gürcüstan nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani məlumat verib.

O deyib ki, Gürcüstanla bağlı qəbul edilmiş qətnamədəki şərtlər və qeydlər “qəbuledilməz, ədalətsiz və əsassızdır”.

Tsulukianinin sözlərinə görə,  AŞPA-nın yeni seçkilər keçirmək tələbi “Gürcüstanın suverenliyini pozur, 1 milyon 120 mindən çox seçicinin ("Gürcü Arzusu"na səs vermiş seçicilər nəzərdə tutulur - red.) iradəsinə məhəl qoymur və qəti şəkildə qəbuledilməzdir”.

“Bizim bu qeydi qəbul etməmiz elektoratımıza və deməli, cəmiyyətimizin böyük əksəriyyətinə xəyanət etmək demək olardı... Ona görə də biz - Gürcüstan parlamenti nümayəndə heyətinin üzvləri bu gündən etibarən AŞPA-dakı fəaliyyətimizi dayandırırıq" deyən Tsulukiani bildirib ki, bu, "Gürcü Arzusu" komandasının ortaq qərarıdır.

O, eyni zamanda qeyd edib ki, Gürcüstan Avropa Şurasının üzvü olaraq qalır və “ədalətsiz münasibət dəyişdikdə və şantaj dayandırılanda” AŞPA-da fəaliyyətini bərpa edəcək.

Dünən, yanvarın 29-da Avropa Şurası Parlament Assambleyası “sınaq müddəti” şərtilə Gürcüstan nümayəndə heyətinin etimadnaməsini təsdiq edib. Qətnamədə ölkənin yerinə yetirməli olduğu şərtlər qeyd edilib.

Bu məsələyə aprel ayında yenidən baxılacaq.

AŞPA-nın 114 deputatı lehinə, 13 deputatı sənədin əleyhinə səs verib, 7 deputat  bitərəf qalıb.  Gürcüstan nümayəndə heyətinin səsvermədə iştirak etmək hüququ olmayıb.

 

Qətnamədə aşağıdakı şərtlər qeyd olunub:

 ➖ siyasi məhbusların azad edilməsi;

 ➖ mübahisəli qanunlara yenidən baxılması;

 ➖yeni parlament seçkilərinin keçirilməsi.

AŞPA son parlament seçkiləri zamanı aşkar edilmiş çatışmazlıqların və problemlərin təcili aradan qaldırılması və həqiqətən demokratik seçkilərin keçirilməsinə imkan verəcək əlverişli seçki mühitinin yaradılması üçün Gürcüstandakı bütün maraqlı tərəfləri, o cümlədən hakimiyyəti, müxalifəti və vətəndaş cəmiyyəti nümayəndələrini “inklüziv proses”ə qoşulmağa çağırıb. 

Qətnamədə həmçinin qeyd edilir ki, 26 oktyabr 2024-cü il parlament seçkilərindən sonra baş verən hadisələr, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığının məhdudlaşdırılması, müxalifətin və vətəndaş cəmiyyəti nümayəndələrinin sıxışdırılması Gürcüstanın Avropa Şurasına üzvlük öhdəliklərinə ziddir.

Gürcüstan AŞPA-da 4 deputatla təmsil olunur: Tea Tsulukiani, Mariam Laşxi, Givi Mikanadze (“Gürcü Azusu”nun üzvləri) və  parlamentdə bu yaxınlarda qeydiyyatdan keçmiş “Xalq hakimiyyəti” qrupunun nümayəndəsi Eka Sepaşvili.

Qətnamədə bildirilir ki, apreldə Gürcüstan nümayəndə heyətinin statusuna baxılana qədər üzvlərin AŞPA-dakı bəzi səlahiyyətləri,  cümlədən, bir sıra komitələrin işində iştirak etmək, AŞPA-nın seçki müşahidə missiyalarının tərkibində olmaq, AŞPA-nın spikeri vəzifəsinə namizəd olmaq, komitə və alt komitələrin sədri və həmsədri olmaq hüququ məhdudlaşdırılır.

“Gürcü Arzusu” qətnamənin əleyhinə çıxıb və Assambleyanı onu qəbul etməməyə çağırıb.