Hindistanda dini bayramda izdiham yaşanıb

Milyonlarla insan Hindistanda keçirilən və dünyanın ən böyük dini tədbiri kimi tanınan Kumb Melada müqəddəs çayların qovuşduğu Sanqama axın edib. Yaranmış izdiham nəticəsində ən azı 15 nəfər həyatını itirib. Yaralılar xəstəxanaya çatdırılıb. Nə qədər insanın yaralandığı və ya öldüyü barədə rəsmi məlumat verilməyib.

Bildirilir ki, izdiham iştirakçıların qoruyucu sədləri aşması zamanı baş verib.

Sonuncu dəfə ağır itkili izdiham 1954-cü ildə yaşanmışdı. Nəticədə 400-dən çox insan ölmüşdü.

Hər 12 ildən bir keçirilən Kumb tez-tez dünyanın ən böyük insan yığıncağı adlandırılır. Çərşənbə günü festivalın ən işlək günü hesab olunur. Səlahiyyətlilər bugünkü “müqəddəs çimmək günü”nə 100 milyon insanın qatılacağının gözlənildiyini bildiriblər. Hindular inanırlar ki, müqəddəs suda çimmək onları günahlardan təmizləyəcək və mənəvi qurtuluşa nail olmağa kömək edəcək.

Yanvarın 13-də başlayan festival fevralın 26-dək davam edəcək. Bu möhtəşəm tədbirdə dünyanın hər yerindən din adamları, rahiblər, siyasətçilər və məşhurlar da iştirak edir.