İsrailin geri çəkilmə müddətinin uzadılmasını qəbul etmirik

Livan Hizbullahının baş katibi: İran və İraqın köməklərini unutmayacağıq - İsrailin geri çəkilmə müddətinin uzadılmasını qəbul etmirik

“Operativtv” “İRNA”ya istinadən xəbər verir ki, Livan Hizbullahının baş katibi bugünkü çıxışında atəşkəs və müxtəlif regional məsələlərə toxunaraq deyib: “İran İslam Respublikası və İraq ölkəsinin Livan xalqına göstərdiyi yardımları heç vaxt unutmayacağıq.”

Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim Məhəmməd Peyğəmbərin (s) Məbəs bayramı ərəfəsində bu gün etdiyi çıxışında bölgədə, o cümlədən Fələstində baş verən hadisələr haqda danışaraq deyib: “Qəzzənin qələbəsi Fələstin xalqının, regionun bütün xalqlarının, onu dəstəkləyən bütün azad dünya xalqlarının qələbəsidir. Fələstin xalqını və müqavimətini atəşkəs razılaşmasına nail olması münasibətilə təbrik edirik.”

Şeyx Nəim Qasim bildirib: “Hizbullah Hərəkatının Əl-Bəqa üzrə məsul şəxsi Şeyx Məhəmməd Həmmadini terror edən xain əllərin tapılması ilə bağlı istintaq hələ də davam edir. Amma bütün diqqət sionist rejimə yönəlib. O, sözün əsl mənasında komandir idi, döyüşçülərə həmişə dəstək olub.”

Hərəkat lideri vurğulayıb: “Əl-Əqsa Tufanı döyüşü məqsədinə çatdı, İsrailin HƏMAS və müqaviməti məhv etmək planı iflasa uğradı. Livana qarşı təcavüz də Qəzzə kimi ABŞ və Qərbin dəstəklədiyi təcavüz idi. Livandakı bütün müqavimət cinahları bu təcavüzlərə qarşı durdu və əfsanəvi əzmkarlıq, müstəsna cəsarət və şəhid olmaq əzmi ilə müqavimət göstərdi və özünü meydanda göstərdi.”

Hizbullahın baş katibi qeyd edib: “İsrail (Qəzzəyə qarşı müharibədə) müharibə cinayətkarı kimi ifşa olundu, lakin Fələstin müqaviməti ilə razılaşma olmadan əsirlərini geri qaytara bilmədi. Müqavimət, işğalçı rejimə qarşı durmaq və işğal olunmuş əraziləri azad etmək üçün siyasi, milli və humanist variantdır.”