Tofiq Yaqublu: Bu qədər fakt kifayətdir ki, bu cinayət işinə xitam verilsin

Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi keçirilib.

Bugünkü məhkəmə prosesi iş materiallarının tədqiqi ilə davam edib. Tofiq Yaqublunun qızı Amerikanın Səsinə bildirib ki, atası həbs olunan günü evdə aparılan axtarışla bağlı uyğunsuzluqlar var.

O bildirib ki, məhkəmə istintaqı zamanı bu uyğunsuzluqlar sənədlərin tədqiqi mərhələsində aşkara çıxıb.

Nigar Həzi bildirib ki, vəkil Nemət Kərimli hal şahidlərinin dindirilməsiylə bağlı vəsatət verib. Lakin hakim yenə vəsatəti təmin etməyib.

Digər vəsatət isə məhkəmə prosesində Tofiq Taqublu ona qarşı açılmış cinayət işinə xitam verilməsi ilə bağlı olub.

“Mən bu qədər müddətdir ki, şərləndiyimə dair məhkəməyə nə qədər sübut, fakt, dəlil təqdim etmişəm, ancaq məhkəmə hələ də mənim cinayət törətdiyimə dair bircə sübut belə ortaya qoya bilməyib. Bu qədər fakt kifayətdir ki, bu cinayət işinə xitam verilsin. Mənim vəsatətimdən sonra siz hakimlər müşavirəyə gedib bu saxta cinayət işinə xitam vermək haqda qərar verməlisiniz”, Tofiq Yaqublu məhkəmə prosesində vəsatətini müdafiə edərkən bildirib.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Növbəti proses fevralın 14-nə təyin olunub.

Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

 

Amerikanın Səsi