İctimai fəal saxlanılıb

Noyabrın 17-də ictimai fəal Cəlil Zabidovun ailə üzvləri ilə birlikdə Yardımlı Polis Şöbəsinə (Bakıdan 264 kilometr cənub) aparıldığı bildirilir.

Bu barədə Amerikanın Səsinə fəalın yaxınları bildirib.

"Bu gün Yardımlı rayonunun mərkəzində Cəlili saxlayıblar və polisə aparıblar. Onun qardaşını və dərsə gedən qardaşı oğlunu da aparıblar. Aydındır ki, bu, Cəlilin sosial şəbəkələrdə məmurlara qarşı tənqidilə əlaqədardır", ailə üzvlərindən biri deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildiriblər ki, qanunsuz küçə ticarətilə əlaqədar Zabidov qardaşı ilə birlikdə polisə dəvət edilib. İnzibati protokol tərtib edildikdən sonra onları buraxacaqlar.

Zabidov əvvəllər də saxlanmalara, inzibati və cinayət təqiblərinə məruz qalıb. O 2020-ci ildə sosial şəbəkələrdə seçki pozuntularını və saxtakarlıqları tənqid edib və 5 ay müddətinə həbs edilib.

2021-ci ildə korrupsiyaya və yerli məmurlar tərəfindən sosial ədalətsizliyə etiraz etdiyinə görə 25 sutka inzibati qaydada həbs edilib.

2023-cü ilin mayında polisə çağırılıb və orada təzyiqə məruz qaldığını bildirib.