Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 5-də jurnalist Əfqan Muxtarlının Azərbaycan və Gürcüstana qarşı işi üzrə qərarını açıqlayıb.
AİHM jurnalistin işi üzrə Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) bir neçə maddəsinin pozuntusunu tanıyıb.
Məhkəmə işi hazırda Almaniyada yaşayan Muxtarlının 2017-ci ildə Gürcüstandan oğurlanması, pis rəftara məruz qalması, gizli şəkildə Azərbaycana gətirilərək həbs edilməsinə dair iddiaları ilə bağlı idi.
Muxtarlı baş verənlərin onu susdurmaq və jurnalist fəaliyyətinə görə cəzalandırmaq üçün edildiyini bildirərək Gürcüstanla bağlı onun oğurlanmasından, pis rəftara məruz qalmasından, zorla Azərbaycana ötürülməsindən və müvafiq orqanların baş verənlərlə bağlı səmərəli araşdırma aparmamasından, Azərbaycanla bağlı isə həbsinin və məhkəməyə qədər həbsdə saxlanmasının qanunsuz və əsassız olmasından şikayət etmişdi.
Strasburq məhkəməsi qərarında Gürcüstan hakimiyyətinin ərizəçinin oğurlanması, pis rəftar və zorla Azərbaycana aparılması ilə bağlı iddiaları effektiv və hərtərəfli araşdırmadığı üçün ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (pis rəftar) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələrininin pozulduğunu qeyd edib.
“Məhkəmə qərarın 167-ci bəndində birbaşa qeyd edir: bu faktdan 7 il keçməsinə baxmayaraq, Gürcüstan Muxtarlının Tbilisinin mərkəzindən Azərbaycana necə gəlməsi ilə bağlı bir versiya da təqdim etməyib. Avropa Məhkəməsinin qərarına əsasən, işin araşdırılmaması hələ də bütün sualları açıq qoyur”, Muxtarlının vəkili Arçil Çopikaşvili Azadlıq radiosunun Gürcüstan xidmətinə bildirib.
Məhkəmə hesab edib ki, ərizəçinin oğurlanması, pis rəftara məruz qalaraq zorla Azərbaycana aparılması və bunların onun jurnalist fəaliyyəti ilə bağlı olmasına dair iddiaları inandırıcı olub.
“Buna görə də Gürcüstan hakimiyyətinin bu iddiaları araşdırarkən xüsusi səylə və operativ davranması gözlənilirdi”, qərarda qeyd edilir.
Əfqan Muxtarlı Amerikanın Səsinə deyib ki, iş hələ açıq olaraq qalır və Gürcüstan hakimiyyəti onun işini hərtərəfli araşdıraraq həqiqətləri ortaya çıxarmalıdır.
“Ancaq hakimiyyətdə Bidzina İvanişvili və onun Gürcü Arzusu Partiyası olduğu müddət ərzində mən inanmıram ki, bu iş ədalətli şəkildə həllini tapsın”, Muxtarlı deyib.
O, bu xüsusda 2022-ci ildə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbsdə olan keçmiş rəis müavininin həbsxanadan yazdığı məktubda onun hakim Gürcü Arzusu Partiyasının qurucusu Bidzina İvanişvilinin əmri ilə Tbilisidən oğurlandığını deməsini xatırladıb.
Azərbaycana gəldikdə, AİHM Muxtarlının məhkəməyə qədər həbsini, habelə onun telefonunda axtarış aparılmasını qanunsuz hesab edərək Konvensiyanın 5.3-cü və 8-ci (Şəxsi və ailə həyatına hörmət hüququ) maddələrinin pozuntusunu tanıyıb.
Avropa Məhkəməsinin qərarına əsasən, Gürcüstan hökuməti Əfqan Muxtarlıya 10 min, Azərbaycan hökuməti isə 6 min avro mənəvi zərər əvəzi ödəməlidir. Bununla yanaşı, ərizəçiyə xərc və məsrəflərə görə hər iki dövlət ayrılıqda 2500 avro ödəməli olacaq.
2017-ci ildə həbs edilən Əfqan Muxtarlı 2018-ci ilin yanvarında Azərbaycan məhkəməsi tərəfindən sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham edilərək altı il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyıb.
Jurnalist 2020-ci il martın 17-də həbsdən azad edilərək dərhal Almaniyaya yola salınıb.
Azərbaycan və Gürcüstan jurnalist Əfqan Muxtarlıya təzminat ödəyəcək