AXCP bu seçkilərin nəticələrini tanımır

1 sentyabr növbədənkənar parlament seçkisinin yekunu ilə bağlı AXCP-nin bəyanatı.
Azərbaycanda 1 sentyabr 2024-cü ildə keçirilmiş növbədənkənar parlament seçkisi xalqın iradəsini ifadə etmir və onun elan olunan nəticələri tamamilə saxtadır. Bu "seçki" ölkədə sərbəst toplaşmaq, söz və ifadə, birləşmək, seçmək və seçilmək kimi fundamental hüquq və azadlıqların dövlət səviyyəsində tam məhdudlaşdırıldığı, gerçək müxalifətin və xalqın boykotu, heç bir rəqabətin olmadığı şəraitdə keçirilib. Parlamentin yeni tərkibi şəxsən İlham Əliyevin təsdiq etdiyi siyahı üzrə formalaşıb. Belə bir parlament legitim ola və xalqı təmsil edə bilməz.
AXCP xatırladır ki, bu "seçkini" hakimiyyət ən elementar yarış şəraitini belə təmin etmədiyi üçün boykot edib. AXCP hər zaman seçkilərdə iştirakdan yana olub, 1 sentyabr növbədənkənar parlament seçkisində iştirak üçün şərtlərini də açıqlayıb. Bu şərtlər ölkədə sayı 300 nəfəri keçən siyasi məhbusların azad edilməsi, sərbəst toplaşmaq azadlığının təmin olunması, müxalifətin seçki komissiyalarında təmsil oluna bilməsi, müstəqil quruluşların və müxalifətin seçkini müşahidə etməsinə imkan yaradılması kimi ən sadə addımlar idi. Təəssüf ki, İlham Əliyev hakimiyyəti bu şərtləri yaxına buraxmadı, əksinə, özünün repressiv siyasətini gücləndirərək, ölkədə həqiqi seçkiyə heç bir marağının olmadığını nümayiş etdirdi. Ölkə guya seçkiyə hazırlaşdığı bir vaxtda siyasi motivli həbs və təqiblər artırıldı və hətta AXCP sədri Əli Kərimliyə qarşı da tamamilə əsassız bir məhkəmə prosesi başladıldı. AXCP-nin fəaliyyətini dayandırmaq iddiası ilə də başqa bir məhkəmə çəkişməsinə start verildi.
Seçki kampaniyası dövrü hakimiyyətin artıq seçkinin imitasiyasından da imtina etdiyini çılpaqlığı ilə ortaya qoydu. Hakimiyyət baxmayaraq ki, əsas siyasi rəqibi olan AXCP və Milli Şura bu "seçkini" boykot etmişdi, hətta məhdud sayda ictimai-siyasi fəallara və onunla əməkdaşlığa hazır olan partiyalara da seçki qanunvericiliyinin tələbinə uyğun yarış mühiti yaratmadı. Bəzi namizədlər qeydə alınmadı, bəzilərinə təzyiq edildi ki, namizədliyini geri götürsün, süni şəkildə çoxnamizədlik görüntüsü yaratmaq üçün isə müxtəlif dövlət büdcə təşkilatlarında işləyən, siyasi fəaliyyətlə heç bir əlaqəsi olmayan şəxslər namizəd kimi qeydə alındı. Seçkidə iştirak edən partiyaların arasında televiziya debatlarına imkan verilmədi, sərbəst toplaşmaq azadlığına qadağa davam etdi. Hakimiyyətin deputatlığa namizədlərinin hamısının seçki kampaniyası dövlət resursları ilə təşkil olundu, onların "seçicilərlə görüşlərinə" dövlət büdcə təşkilatlarının işçiləri inzibati yollarla cəlb olundu.
Hakimiyyətin hətta seçkinin imitasiyasına da imkan verməməsi xalqın adekvat reaksiyası ilə üzləşdi. Xalq müxalifətin də çağırışı ilə bu "seçkini" bütün mərhələlərdə boykot etdi. Hakimiyyət səsvermə günü məntəqələrdə guya seçici kütləviliyinin olduğunu göstərmək üçün ənənəvi saxtakarlıq metodundan istifadə edib. Yalnız bir neçə nəfər namizəd ola bilmiş ictimai fəalın sayəsində seçki dairələrinin cəmi 3 faizinə qədərində qismən fəallıq qeydə alınıb. Bu isə ümumi nəticəni və mənzərəni dəyişmir.
Seçicilərin səsvermədə iştirakı 10 faizdən də az (7-8 faiz) olub. Ancaq hətta bu rəqəm də könüllü iştirakla deyil, dövlət büdcə təşkilatlarında çalışan işçiləri inzibati təzyiq hesabına səsverməyə cəlb etməklə əldə olunub. Müxtəlif "karusel" qrupları müxtəlif məntəqələrdə, hətta müxtəlif dairələrdə dəfələrlə səs verib. Yenə də qutular topa ilə saxta bülletenlərlə doldurulub. Seçkidə iştirak faizləri haqda MSK adından yayılan məlumatların reallıqla heç bir əlaqəsi olmayıb. Azsaylı müstəqil müşahidəçi və jurnalistlərin müşahidəsinə də imkan verilməyib. Səslərin sayılması zamanı da şəffaflıq təmin olunmayıb, müstəqil müşahidəçilərə prosesi müşahidə etməyə imkan verilməyib. Məntəqələrdə səslərin sayılmasına dair protokollar ya tərtib olunmayıb, ya da protokolu istəyən tərəflərə verilməyib.
Yekun olaraq bildiririk ki, bu "seçki" AXCP-nin öncədən güman etdiyi kimi, minimal rəqabət imkanları, xalqın mütləq əksəriyyətinin iştirakı olmadan, bütün mərhələlərdə kütləvi qanun pozuntuları şəraitində keçirildi. İlham Əliyevin öncədən hazırlatdırıb təsdiqlədiyi siyahıya salınan şəxslər xalqın adından deputat təyin edildi. Onların böyük əksəriyyəti nəinki ölkə miqyasında, hətta "seçildiyi" dairədə də tanınmır.
AXCP bu "seçkinin" nəticələrini tanımadığını, üzləşdiyi bütün çətinliklərə baxmayaraq yeni və demokratik seçkilər, ölkənin demokratikləşməsi uğrunda mübarizəsini davam etdirəcəyini bəyan edir.
AXCP beynəlxalq ictimaiyyətə müraciət edir ki, Azərbaycanda hər seçkinin özündən əvvəlkindən daha qeyri-demokratik olduğunu və daha məhdud şəraitdə keçirildiyini, bütün fundamental hüquq və azadlıqların dövlət səviyyəsində məhdudlaşdırıldığını, ölkənin sərt avtoritar rejimdən totalitarizmə keçid etdiyini ciddi şəkildə diqqətə alsın. Beynəlxalq birlik Azərbaycanda seçkilərin kütləvi saxtalaşdırılmasına prinsipial qiymət verməli, İlham Əliyev hakimiyyətindən beynəlxalq öhdəliklərinə riayyət etməyi daha qətiyyətlə tələb etməlidir.
AXCP ölkədə seçkilərin kütləvi şəkildə saxtalaşdırılmasına bir daha şahid olmuş xalqımıza çağırış edir ki, hakimiyyətin onu hansı çətin dalana saldığının fərqində olsun. Bilmək lazımdır ki, xalqımızı bu dalandan ayrı - ayrı partiyalar xilas edə bilməz. Bu acınacaqlı vəziyyətdən tək çıxış yolu yalnız ümumxalq hərəkatı - fundamental hüquq və azadlıqlarımızın, o cümlədən seçki hüququmuzun təmin edilməsi uğrunda böyük bir hərəkat ola bilər.