Azərbaycan-Türkiyə münasibətləri: onları kim soyuqlaşdırdı?

İyulun əvvəlində Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Prezidenti Recep Tayyib Erdoğan iştirak etmədi. Azərbaycanda hökumət mediası xəbər verirdi ki, cənab Əliyev Erdoğana məsləhət görüb ki, Şuşa səfərindən imtina edib Almaniyada futbol matçını izləməyə getsin.

Belə bir mühim tədbirdə iştirak hansısa 1/4 final futbol oyununa görə təxirə salına bilməzdi, salınmamalı idi.

Erdoğanın Şuşada Türk Dövlətləri başçılarının Zirvə görüşünə getməməsi ictimayyətin diqqətini o qədər də cəlb etməsə də, onun iyulun sonunda İkinci Qarabağ müharibəsi ilə bağlı söylədiyi fikirlər Azərbaycan və Türkiyədə müzakirələrə səbəb oldu.

Doğrudur, bu hadisədən sonra Erdoğan Türkiyədəki meşə yanğınlarının söndürülməsində Azərbaycanın köməyini yüksək qiymətləndirdiyini demək üçün Prezident İlham Əliyevə zəng etdi. Lakin buna qədər artıq rəsmi “Azərbaycan” qəzetində Türkiyənin tənqid olunduğu və dolayısıyla Erdoğana cavab verilən məqalə dərc olunmuşdu.

 

Erdoğan nə demişdi?

İyulun 28-də Recep Tayyip Erdoğan vətəni Rizedə sədri olduğu AKP-nin yerli iclasında çıxışı zamanı İsraili tənqid edərkən, Türkiyənin 2-ci Qarabağ müharibəsində yaxından iştirakına dəlalət edən sözlər söyləyib.

O, Türkiyə ordusunun Qəzzaya girə biləcəyini iddia edərkən, “Necə ki, Qarabağa, Liviyaya girmişik, onlara da eynisini edərik, etməməyimiz üçün heç bir səbəb yoxdur” fikrini səsləndirib. Bu fikirlər, Azərbaycanın artıq illərdir ki, Erdoğanı tənqid etməyi dayandıran hökumətyönlü mediasında qəzəb püskürtdü.

 

“Qarabağa Azərbaycan əsgəri girib”

“Azərbaycan” qəzetindəki məqalə “Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur” başlığı ilə dərc olunub. Bu yazı Türkiyə mediasında da günlərlə müzakirə olundu. “Qarabağa, Ağdama, Füzuliyə, Laçına, Cəbrayıla, Zəngilana, Qubadlıya, Kəlbəcərə, Şuşaya, Hadruta, Xocalıya, Ağdərəyə, Əsgərana, Xankəndiyə yalnız və yalnız İlham Əliyevin müzəffər komandanlığı ilə Azərbaycan əsgəri girdi! Necə deyərlər, Nida!”, - yazıda böyük hərflərlə qeyd olunur.

Türkiyədən incikliyin tez-tez vurğulandığı yazıda “İkinci Qarabağ müharibəsində Türkiyənin etdiyi bütün hərbi yardımların ödənişini Azərbaycan son qəpiyinə kimi ödəyib” mesajı da var.

 

Türkiyə-Azərbaycan münasibətlərində İsrail məsələsi

Türkiyə və Azərbaycan bir-birinə mədəni və siyasi bağlarla yaxın olsa da, xarici siyasətlərində eyni xətti tutmaq barədə razılığa gəlsələr də, mövqelərinin kəskin fərqləndiyi bir məsələ var ki, bu da İsraildir. Hər ikisi Fələstini dövlət olaraq tanısa da, Azərbaycanla İsrailin münasibətləri yaxındır və 2-ci Qarabağ müharibəsində Azərbaycan Türkiyə ilə yanaşı İsraildən də çoxlu silah alıb. Və almaqda davam edir. Həmçinin, Azərbaycan neftinin ən böyük alıcısı İsrail hesab olunur.

Bu ilin əvvəlində İstanbulda bir qrup şəxs Azərbaycan şirkəti olan "Socar Türkiyə"-nin ofisinə “İsrailə neft satmasına” etiraz olaraq hücum etdi. Socar dedi ki, nefti İsrailə birbaşa satmır, onu satan təchizatçı şirkətlərin qərarlarına isə qarışmır.

İsrailin Qəzzada apardığı müharibəyə dair Erdoğanın istifadə etdiyi qınaq və hədə dolu kəskin cümlələr isə Azərbaycan rəhbərliyinin sülhə çağıran mülayim bəyanatlarından çox fərqlənir.

 

Türkiyə-Azərbaycan münasibətlərində Ermənistan məsələsi

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Ermənistana qarşı Azərbaycanla razılaşdırılmış siyasət yürüdüb. Lakin iyulun sonunda Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyanın iki ölkə sərhədindəki Alican-Marqara sərhəd məntəqəsində növbəti dəfə görüşməsi Bakıda, belə hissi olunur ki, narazılıq yaradıb.

“Dünənə qədər Türkiyə-Ermənistan açılımı Azərbaycan-Ermənistan sülh danışıqları ilə paralel qaydada aparılırdı. Prosesin məhz bu şəkildə getməsi “bir millət iki dövlət” zehniyyətinə həm uyğun, həm də faydalı idi. Dünənə qədər Türkiyə Qars-Gümrü dəmir yolunun açılması təklifinə dirəniş göstərir, “yox” deyirdi.

Bu cavabın dəyişməsi üçün Ermənistan Türkiyəyə ərazi iddialarından əl çəkməyib, soyqırım ittihamlarından geri durmayıb, Zəngəzur dəhlizini də açmayıb. Bu nəyin əcələsi, bu nəyin hövsələsizliyi, bu nəyin prinsipsizliyi?” - sayt yazır.

Ceyhun Bayramov Türkiyəyə son səfəri zamanı çıxışında rəsmi Ankaraya sanki xatırlatma etdi. O həm Türkiyənin 2-ci Qarabağ müharibəsindəki rolu barədə danışarkən Ankaradan "siyasi və mənəvi dəstək" məsələsini xüsusi vurğuladı, həm də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olduğunu vurğuladı.

Ermənistan Konstitusiyasını dəyişmədən, Türkiyənin onunla yaxınlaşmasına Azərbaycan soyuq baxır - Ceyhun Bayramovun çıxışının sətiraltı mənası budur.

O Ermənistanın "silahlanması" barədə də danışdı və dedi ki, Azərbaycan və Türkiyə arasında Ermənistanla bağlı işlər "koordinasiyalı" həyata keçirilir.

Azərbaycanın mesajını çoxdan almış olan həmkarı Hakan Fidan söylədi ki, Türkiyə "qardaş Azərbaycanın yanında" durub və duracaq. Amma nə Ermənistan Konstitusiyası, nə də Ermənistanın silahlanması iddiaları barədə konkret bir şərh vermədi.

Bundan sonra, Ermənistan və Azərbaycan arasında sülh razılaşması imzalanmayana qədər və yaxud, Ermənistan Konstitusiyasında dəyişiklik etməyənə qədər Ankara Yerevanla yaxılaşma siyasətini davam etdirəcəkmi - izləmək lazımdır.

 

"Türkiyə Avropaya, Azərbaycan Putinə" baxır

Bir müddətdir ki, Türkiyə Putini gözləsə də, Rusiya Prezidenti qəfil dövlət səfəriylə Bakıya gəlib çıxdı. Bu, Azərbaycanın rəsmi qəzetlərində Türkiyə, dolayısı ilə Erdoğan tənqid olunduğu vaxtda baş verirdi. Putinin səfəri başa çatar-çatmaz, Azərbaycan BRİCS-ə üzv olmaq üçün ərizə verdiyini açıqladı.

Bu arada, Türkiyənin Cümhuriyyət qəzeti yazıb ki, Türkiyə Rusiyanın S-300 raketlərindən imtina etməyi və ABŞ-ın F-35 proqramına qayıtmağı düşünür.

 

 

BBC Azərbaycan