Azərbaycanda son iki gündə polislər iki vətəndaşı güllələyərək qətlə yetirib. Hər iki hadisə Sabunçu rayonunda baş verib.
Sentyabrın 3-də gecə yarı 25 yaşlı Elşən Haxverdiyevi, sentyabrın 4-də axşam saat 21.00 radələrində isə Akif Məmmədovu xidməti silahlarla öldürüblər.
Daxili İşlər Nazirliyi hər iki vətəndaşın öldürülməsilə bağlı rəsmi açıqlamada iddia edir ki, guya onlar polisə müqavimət göstərib, bu səbəbdən polis də onları “zərərsizləşdirib”.
Elşən Haxverdiyevlə bağlı açıqlama isə lap absurddur. Deyirlər ki, polislər onu tutmaq istəyəndə kəsici-deşici alətlə müqavimət göstərərək, qaçmağa cəhd göstərib, bu səbəbdən vurub öldürüblər. Başqa sözlə, o qədər polis bir nəfərin əlindən bıçağı ala bilməyib, onu öldürməyə məcbur olub.
Ay yarım əvvəl də Hövsanda Xosrov Əhmədov adlı başqa bir adamı öldürmüşdülər.
Ondan öncə də “Bravo”ya basqında ittiham olunan Ruhlan İsmayılovu olduğu evdə güllələyib öldürmüşdülər.
Müqavimət göstərən şəxslərə silah tətbiqi başqa ölkələrdə də var. Amma təlimat belədir ki, məqsəd öldürmək olmamalıdır. Ona görə də adətən atəş həyati əhəmiyyətli orqanlara (baş ürək nahiyəsi) atılmır.
Belə görünür ki, Azərbaycanda polislərin vətəndaşları güllələyib öldürməklə bağlı bir narahatlığı yoxdur. Onlara bununla bağlı “xeyir-dua” verilib. Əks halda, polislər iki günə iki nəfəri öldürməzdi.
Azadlıq Qəzeti
Polislər Bakıda iki günə iki nəfəri güllələyib öldürdü