Hakim Nigar Həzini və onun həyat yoldaşı Seymur Həzini məhkəmə zalından çıxarmağı tələb edib
Milli Şuranın və Müsavat Partiyasının üzvü, 9 aydır ki, həbsdə olan Tofiq Yaqublunun məhkəməsi davam edir. Sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə iclası qalmaqallı keçib. Öncə Tofiq Yaqublu özü ifadə versə də, sona yaxın hakim onun ailə üzvlərinin bir daha buraxılmamaq şərtilə məhkəmə zalından çıxarılmasına göstəriş verib. Bu səbəbdən onun özü də prosesdə iştirakdan imtina edib. Tofiq Yaqublunun bacısının vəziyyəti pisləşib, məhkəmənin qarşısına Təcili Tibbi Yardım çağrılıb.
Siyasi fəalın işinə Elnur Nuriyevin sədrliyilə, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası baxır.
Cinayət işinin materiallarında iddia olunur ki, Tofiq Yaqublu Elşən Hüseynov adlı şəxsi Almaniyaya göndərib, ona Şengen vizası düzəltmək, orada onun üçün vətəndaşlıq almaq ondan Elnur Məmmədov vasitəsilə 25 min avro 10 min manat pul alıb.
Hazırda Elşən Hüseynov bu məhkəmədə zərərçəkmiş, Elnur Məmmədov isə Tofiq Yaqublu ilə birlikdə təqsirləndirilən şəxs qismində tanınıb.
Elşən Hüseynov məhkəmədə iddia edib ki, əsəb xəstəliyindən müalicə olunmaq üçün Almaniyaya getmək istəyirdi, pulu da ona görə vermişdi.
Tofiq Yaqublu isə ona qarşı irəli sürülmüş dələduzluq ittihamını qəbul etmir. O bildirir ki, Elşən Hüseynov da, Elnur Məmmədov da onun həbsi üçün qurulmuş ssenaridə öz rollarını yerinə yetirirlər. Siyasi sifarişlə 4-cü dəfədir ki, barəsində saxta ittihamla cinayət işi başlandığını deyən siyasi fəalın sözlərinə görə, inzibati həbslərinin, işgəncələrin sayı-hesabı bilinmir.
Tofiq Yaqublu deyir ki, Elnur Məmmədovgilin vasitəsilə ssenari həyata keçirilməmişdən əvvəl onu başqa yolla təxribata çəkmək istəyiblər. Ona təxminən oktyabr ayında “Whatsapp” vasitəsilə zəng gəlib. Zəng edən şəxs deyib ki, mübarizəsini dəstəkləyir, onunla görüşüb, maddi yardım etmək istəyir:
“Dedim ki, çox sağ olun, ehtiyacım yoxdur. Yenə zəng elədi, dedi ki, “görüşüb pul vermək doğru deyil, mənə kart göndərin”. Yenə dedim ki, lazım deyil. 3-4 gün sonra zəng elədi ki, “qohumlardan kiminsə kartını at, 60 min manat pul göndərmək istəyirəm”.
Tofiq Yaqublu deyir ki, sonuncu dəfə ona çox sərt cavab verib. O ehtimal edir ki, bu yolla razılaşmadığını görəndə Elnur Məmmədov vasitısilə onu həbs eləmək qərarı veriblər. Ona görə də Elnur Məmmədovu siyasi fəalların məhkəmələrinin qarşısında olarkən onun yanına göndəriblər. Bu zaman kənardan onların foto və videolarını çəkiblər ki, sonradan istifadə eləsinlər.
Tofiq Yaqublunun sözlərinə görə, Elnur Məmmədov ona ilk dəfə Nərimanov Rayon Məhkəməsinin qarşısında yaxınlaşıb. Deyib ki, hüquq müdafiə təşkilatı yaradıb, insan haqlarının müdafiəsilə məşğul olmaq istəyir. Hətta gürcü siyasətçi Mixail Saakaşvilinin hüquqlarının müdafiəsilə məşğul olmaq istəyini dilə gətirib:
“Həmin gün Nərimanov məhkəməsində Qubad İbadoğlunun işinə baxılırdı. Dedim ki, Saakaşvilidənsə Qubad İbadoğlunu müdafiə elə”.
Siyasi fəal bildirib ki, Elnur Məmmədov daha sonra Bakı Apelyasiya Məhkəməsinin qarşısına, günlərin birində yenə Nərimanov Rayon Məhkəməsinin önündə olarkən onun yanına gəlib: “Heç vaxt aramızda viza, sənəd söhbəti olmayıb. Olubsa, bircə sübut qoysunlar ortaya. İkinci dəfə mənə yaxınlaşanda gördüm ki, başında parik var. Əl atdım başına, dedim, bu, nədir belə, başına niyə parik qoymusan? Mən həbs olunandan sonra “Getcontact”da Elnur və Elşənin nömrəsini qohumlarım yoxlamışdılar, ikisi də “Bandotdel”in adamı”, “polisin adamı” qeyd olunub”.
Tofiq Yaqublu əlavə edib ki, cinayət işində ona pulun Zabratda verildiyi göstərilsə də, həmin vaxt o, Pirşağıda – Milli Şuranın toplantısında olub. Bunu mobil telefon anten məlumatları da sübut edir.
Siyasi fəal Qarabağ döyüşlərində iştirakından danışıb. Tofiq Yaqublu vurğulayıb ki, o, Azərbaycan uğrunda can qoyanda kimlərsə bizneslə məşğul idi.
Bu zaman hakim Elnur Nuriyev ona irad bildirib, ittihamın mahiyyətindən danışmağı tələb edib. Tofiq Yaqublu siyasi sifarişlə həbs olunduğunu vurğulayıb. Nəticədə tərəflər arasında mübahisə düşüb. Hakimin sərt müdaxiləsinə Tofiq Yaqublunun ailə üzvləri də etiraz edib. Elnur Nuriyev məhkəmə prosesinin sonuna qədər buraxmamaq şərtilə Tofiq Yaqublunun qızı Nigar Həzini və onun həyat yoldaşı Seymur Həzini məhkəmə zalından çıxarmağı tələb edib.
Tofiq Yaqublu bildirib ki, əgər bundan sonra ailə üzvləri zala buraxılmasalar, o da məhkəməyə gəlməyəcək.
Məhkəmə zalında səs-küy yaranıb. Tofiq Yaqublunun bacısının da vəziyyəti pisləşib. Məhkəmənin qarşısına Təcili Tibbi Yardım çağırılıb.
Proses yarımçıq dayandırılıb.
Məhkəmə prosesi sentyabrın 13-nə qədər təxirə salınıb.
Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb . Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30.sutkalıq həbs olunub.
AzadlıqRadiosu
Tofiq Yaqublunun məhkəməsində qalmaqal: bacısının vəziyyəti pisləşdi, özü məhkəməyə gəlməkdən imtina etdi