Azərbaycan parlamentinə seçkilərin ilkin nəticələrinə görə iqtidar partiyası deputat mandatlarının əksəriyyətini qazanıb

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin ilkin nəticələrini açıqlayıb.

İlkin nəticələrə görə, iqtidarda olan Yeni Azərbaycan Pafrtiyası (YAP) 67 mandat qazanıb. Daha 45 deputat yerinə hökumətyönümlü mövqeyi ilə tanınan müstəqill namizədlər seçilib.

Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası üç (Fəzail İbrahimli, Rafael Hüseynov və Tənzilə Rüstəmxanlı), Ədalət, Hüquq və Demokratiya Partiyası (Qüdrət Həsənquliyev və Elçin Mirzəbəyli) iki deputatla təmsil olunacaq.

Daha 8 partiya - Respublikaçı Alternativ Partiyası (Erkin Qədirli), Milli İstiqlal Partiyası (Arzuxan Əlizadə), Demokratik İslahatlar Partiyası (Asim Mollazadə), Ana Vətən Partiyası (Günay Ağamalı), Böyük Quruluş Partiyası (Fazil Mustafa), Böyük Azərbaycan Partiyası (Elşad Musayev), Milli Cəbhə Partiyası (Razi Nurullayev), Azərbaycan Demokratik Maarifçilik Partiyası ( Elşən Musayev) bir deputat mandatına malik olacaq.

Seçkilərdə 24 deputatlığa namizədlə iştirak edən Müsavat Partiyası deputat yeri “qazana” bilməyib. Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, bu, Mərkəzi Seçki Komissiyasına daxil olan 6478 məntəqənin 91 faizinin, yəni 5895 məntəqənin rəqəmləridir və ilkin nəticələrdir.

“Ölkə üzrə seçici fəallığı 37,27 faiz olub. Sabahdan etibarən dairə seçki komissiyalarının protokolları MSK-ya daxil olmağa başlayacaq. İki gün müddətində bütün 125 seçki dairəsindən DSK-nın protokolları MSK-ya daxil olduqdan sonra MSK-nın üzvləri, işçi və ekspert qrupları bu sənədləri araşdıracaq. MSK-ya əgər hansısa müraciət, şikayət daxil olubsa, onların hamısı araşdırılacaq. MSK bu proseslərə ən geci 20 gün müddətində yekun vuracaq. Araşdırmalar başa çatdıqdan sonra MSK qərar qəbul edəcək və daxil olmuş bütün sənədlər MSK-nın və DSK-ların protokolları ilə birlikdə Konstitusiya Məhkəməsinə təqdim olunacaq”, Pənahov qeyd edib.

Səsvermə Azərbaycanda bir çox müstəqil jurnalistlərin və ictimai-siyasi fəalların həbs olunduğu mühitdə keçirilir.

Human Rights Watch təşkilatı bildirir ki, ötən il ərzində Azərbaycan hakimiyyəti 30-dan çox müstəqil jurnalisti, vətəndaş cəmiyyəti fəalını və akademiki qaçaqmalçılıq, qeyri-qanuni sahibkarlıq, çirkli pulların yuyulması və vergidən yayınma kimi müxtəlif saxta cinayət ittihamları ilə həbs edib.

“Azərbaycan haqsız yerə həbs edilənləri azad etməli və repressiyalara son qoymalıdır. Onlar fəalların, hüquq müdafiəçilərinin və jurnalistlərin COP29 konfransında, həmçinin, konfransdan əvvəl və sonra məzmunlu şəkildə iştirak etmələrini təmin etməlidirlər,” təşkilatın təmsilçisi Giorgi Qogiya bildirib.

Azərbaycan Milli Məclisinə seçkilər bu ilin noyabrında keçirilməli olsa da, parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) keçirilməsini səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Daha sonra prezident İlham Əliyev növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.

 

 

AmerikanınSəsi