Sisinin Ankara səfəri: Normallaşma prosesində Türkiyə-Misir münasibətlərində dönüş nöqtəsi

Prezident Əbdülfəttah əs-Sisinin Türkiyəyə ilk səfəri 12 ildən sonra Misirdən Türkiyəyə ilk prezident səfəri olacaq.

Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası üçün çərşənbə günü Ankaraya gəlir.

2013-cü ildə çevrilişlə hakimiyyəti ələ keçirən Sisinin Türkiyəyə ilk səfəri Ankara-Qahirə münasibətlərində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu, 12 ildən sonra Misirdən Türkiyəyə ilk prezident səfəri olduğu üçün də vacibdir. Misirdən Türkiyəyə prezidentlər səviyyəsində sonuncu səfər 2012-ci ildə o vaxtkı prezident Məhəmməd Mursi tərəfindən edilib.

 

Gündəliyin əsas məsələləri

Sisinin Beştəpədəki rəsmi qarşılanma mərasimindən sonra prezident Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüş keçirəcək. Daha sonra iki lider birgə mətbuat bəyanatı verəcək. Görüşdən sonra müdafiə, enerji, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrində 20-yə yaxın sazişin imzalanacağı gözlənilir.

Prezident Ərdoğanın fevralın 14-də Qahirəyə səfəri zamanı iki ölkə arasında 10 milyard dollar səviyyəsində olan ticarət həcminin 5 il ərzində 15 milyard dollara çatdırılmasının hədəfləndiyi açıqlanıb. Xarici işlər naziri Hakan Fidan avqustun 5-də Misirə səfəri zamanı Ankarada keçiriləcək görüşə yüksək səviyyədə hazırlıq görüldüyünü açıqlayıb.

Fidan Qahirədə Misirin xarici işlər naziri Bədr Abdulati ilə keçirdiyi birgə mətbuat şərhində, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq çərçivəsində Azad Ticarət Sazişinin genişləndirilməsi və Mersin-İsgəndəriyyə Ro-Ro xidmətlərinin yenidən başlaması üçün səylərin davam etdiyini açıqlayıb.

Liviya, Şərqi Aralıq dənizi və Qəzza ilə bağlı regional gərginliyin görüşdə müzakirə olunan mühüm məsələlər arasında olacağı gözlənilir. Münasibətlərdə normallaşma dövrü ilə birlikdə Türkiyə və Misir son zamanlar xarici siyasətdə üst-üstə düşən siyasətlər izləməyə başlayıb.

Türkiyə və Misir uzun illərdir Liviyada davam edən vətəndaş müharibəsində müxalif tərəfləri dəstəkləyir. Digər fikir ayrılığı məsələsi Türkiyənin Liviyada hərbi varlığının davam edib-etməyəcəyidir. Bununla belə, Türkiyənin son vaxtlar Misirin dəstəklədiyi Tobruk administrasiyası ilə əlaqələrini gücləndirdiyi bildirilib. Xarici işlər naziri Hakan Fidan fevral ayında Maltaya səfəri zamanı Türkiyənin Liviyada “konstruktiv rol oynamaq istədiyini” bəyan etmiş və Benqazidəki Baş Konsulluğun “tezliklə” yenidən açılacağı mesajını vermişdi.

Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanmış Aralıq dənizində dəniz yurisdiksiyasının məhdudlaşdırılması haqqında saziş və 2022-ci ildə imzalanan karbohidrogen sazişi ilə bağlı Şərqi Aralıq dənizində suverenlik hüquqları məsələlərinə dair danışıqların nəticəsi hələlik məlum deyil.

İsrail-Həmas müharibəsində Türkiyənin Misir üzərindən Qəzzaya humanitar yardımını artırmaq səylərinin də müzakirə ediləcəyi gözlənilir.

Bildirilir ki, Türkiyə və Misirin vasitəçilik səyləri və Sudandakı münaqişələrin həlli üçün humanitar yardımın göstərilməsi sahəsində əməkdaşlıq da müzakirə olunacaq.

 

İkitərəfli münasibətlərdə normallaşma prosesi

Misirdə Məhəmməd Mursi hökuməti 2013-cü ilin iyulunda o vaxtkı Baş Qərargah rəisi Əbdülfəttah əs-Sisi tərəfindən həyata keçirilən çevrilişlə devrildikdən sonra Ankara ilə Qahirə arasında münasibətlər qırılma nöqtəsinə gəlib. Müsəlman Qardaşlarla yaxın əlaqələri olan Türkiyə çevrilişə ən sərt reaksiya verən ölkələrdən biri olub.

2013-cü ilin noyabrında Misir Türkiyə səfirini persona non qrata elan etdikdən sonra iki ölkə arasında münasibətlər uzun illər ərzində düzəlməz şəkildə pozulub.

2023-cü il iyulun 4-də verilən birgə bəyanatla diplomatik əlaqələrin səfir səviyyəsinə yüksəldilməsi qərara alınıb və qarşılıqlı səfirlər təyin edilib.