Etirazçılar Tbilisinin girişini bağlamağı planlayır

"Sonadək" – bu şüarla etirazçılar fevralın 2-də Tbilisiyə Qərb istiqamətindən girişin bağlanması planlaşdırılır.

Operativtv Aktual-a istinadən xəbər verir ki, paytaxtın girişinin bağlanması aksiyası saat 16:00-da "Tbilisi Mall" yaxınlığında baş tutacaq.

Xatırladaq ki, "Strateji və ya xüsusi əhəmiyyətli obyektlərin siyahısına" beynəlxalq əhəmiyyətli avtomobil yolları da əlavə edilib.

Müvafiq qərar hökumət tərəfindən yanvarın 31-də qəbul edilib və sənədə İrakli Kobaxidze imza atıb. Öz növbəsində, beynəlxalq əhəmiyyətli avtomobil yolları "Beynəlxalq və daxili əhəmiyyətli avtomobil yolları siyahısının təsdiqlənməsi haqqında" qərarla müəyyən edilib. 

Qeyd edək ki, xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsi və ya bloklanması Gürcüstanın Cinayət Məcəlləsinə əsasən cinayət əməli sayılır və bu, cərimə, bir ilə qədər islah işləri və ya iki ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməl aşağıdakı hallarda:

a) qrup halında törədildikdə;

b) təkrar edildikdə – iki ilə qədər islah işləri və ya iki ildən dörd ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir.

Xatırladaq ki, artıq iki aydan çoxdur ki, Gürcüstanda etiraz aksiyaları keçirilir. Buna səbəb Baş nazir İrakli Kobaxidzenin bəyanatı olub. O, hökumətin Avropa İttifaqından büdcə qrantlarını 2028-ci ilin sonuna qədər qəbul etməyəcəyini bildirib. Eləcə də Kobaxidzenin 28 noyabrda verdiyi bəyanata görə, "Gürcü Arzusu“ komandası Avropa İttifaqına inteqrasiya üçün danışıqlar prosesinə 2028-ci ilin sonuna qədər başlamayacaq.