Ayətullah Xamenei: Rəisinin dəfn mərasimi İranın gücünü göstərdi

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei şəhid prezident Seyid İbrahim Rəisinin ailəsinə başsağlığı verib.

Mərhum prezidentin ailəsi qarşısında çıxış edən Ayətullah Xamenei mərhum prezidenti İslam İnqilabının prinsiplərinin simvolu kimi xarakterizə edib.

O, İran xalqının mərhum prezident Rəisiyə olan məhəbbətini “İran İslam Respublikasına fayda verəcək dünyaya bir mesaj” olaraq xarakterizə edərək, prezident Rəisinin vəfatını ölkə üçün böyük və əvəzedilməz itki kimi şərh edib.

Ayətullah Xamenei şəhid prezident İbrahim Rəisinin ailəsi ilə görüşündə bildirib ki, mərhum prezidentin dəfn mərasimində iştirakın çox olması İranın qüdrətinin sübutudur.

İslam İnqilabının Rəhbəri həmçinin dəfn mərasimlərində iştirak edən böyük izdihamın xalq üzərində qurulan İslam Respublikasının qüdrətini nümayiş etdirdiyini bildirib və deyib: İslam Respublikasının qüdrəti İran cəmiyyəti və millətində dərin köklərə malikdir.

Ayətullah Xamenei şəhid İbrahim Rəisinin ailəsinə və yaxınlarına başsağlığı və səbr diləyib.

İran prezidenti İbrahim Rəisinin helikopteri mayın 19-da əlverişsiz hava şəraiti səbəbindən Şərqi Azərbaycan vilayətinin dağlıq bölgəsində qəzaya uğrayıb.

Qəzada prezident və xarici işlər naziri Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbriz cümə namazı İmam Ayətullah Seyid Məhəmməd Əli Ali Haşim, general Mehdi Musevi və 3 pilot şəhid olub.

Şəhid prezident İbrahim Rəisinin cənazəsi Məşhəddə İmam Rza (ə) məqbərəsində torpağa tapşırılıb.