Əziz Orucovun növbəti məhkəmə prosesi keçirilib

Yanvarın 24-də Səbail Rayon Məhkəməsində "Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, iclasın əvvəlində hakim Orucovun ev dustaqlığına buraxılması ilə bağlı əvvəlki prosesdə verilmiş vəsatəti təmin etməyib.

Daha sonra müdafiə tərəfi jurnalistlərin prosesə buraxılması və çəkiliş aparmaq üçün şəraitin yaradılması barədə vəsatət qaldırıb.

Lakin hakim Günel Səmədova bildirib ki, jurnalistlərin iştirakına ehtiyac yoxdur və onlar məlumatı məhkəmənin mətbuat xidmətindən ala bilərlər.

Vəkillər isə qeyd edib ki, jurnalistlərin buraxılmaması məhkəmənin aşkarlığı prinsipini pozur:

"Bundan əlavə, Orucov özü jurnalistdir və məhz peşə fəaliyyətinə görə həbs olunub, odur ki, bu iş böyük maraq doğurur".

Lakin hakim Səmədova vəsatəti təmin etməyib.

Məhkəmədə zərərçəkmiş tərəfin nümayəndəsi olan Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı gəlmədiyindən iki şahid ifadə verib.

Onlardan biri fəhlə olub, evin tikintisində iştirak edib. Şahid ifadəsində deyib ki, işə Orucov tərəfindən cəlb edilib.

Digər şahid isə Orucovun ətraf mühitə, yaşıllıqlara ziyan vurması ilə bağlı ibtidai istintaqda verdiyi ifadələrdən imtina edib.

Müdafiə tərəfi qeyd edib ki, hər iki şahidin ifadələri Orucovun ittiham olunduğu cinayət üzrə hər hansı günahını təsdiqləməyib.

Növbəti məhkəmə iclası fevralın 5-nə təyin edilib.

Əziz Orucov 27 noyabr 2023-cü ildə özbaşına tikinti ittihamı ilə saxlanılıb. Sonradan ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsilə ittiham verilib.

Lakin ibtidai istintaqın nəticələrinə əsasən qaçaqmalçılıq ittihamı ləğv edilib.

İş məhkəməyə Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi üzrə verilib.

Əziz Orucov ittihamları rədd edir və jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyir.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.

 

 

AmerikanınSəsi