İsrail HƏMAS lideri Yəhya Sinvarın öldürdüyünü bildirib

İsrail ordusu cümə axşamı Qəzza zolağında üç silahlını hədəf aldığı əməliyyatdan sonra HƏMAS lideri

Yəhya Sinvarın öldürüldüyünü bildirib.

İsrail qüvvələri təsadüfən və Sinvarın yerini bilmədən Qəzzanın cənubundakı binada HƏMAS lideri və onun iki silahdaşı ilə üz-üzə gəldikdən sonra atəş açıblar.

İsrail dərhal 61 yaşlı Sinvarı öldürdüyündən şübhələnib, lakin ölüm faktını yalnız DNK testi və stomatoloji təhlildən sonra təsdiqləyib.

Katz Sinvarın ölümünü girovların azad edilməsi və Qəzzada yeni reallığın yaranması üçün imkan kimi dəyərləndirib.

ABŞ Prezidenti Co Bayden deyib: "Bu, İsrail, Birləşmiş Ştartlar, və dünya üçün yaxşı bir gündür."

Bayden əlavə edib ki, HƏMAS-ın hakimiyyətdən getməsi israillilər və fələstinlilər üçün daha yaxşı gələcəyə yol aça bilər.

"Yəhya Sinvar bütün bu məqsədlərin qarşısında ciddi bir maneə idi. O maneə artıq yoxdur. Lakin qarşısmızda görüləsi çox iş qalır."

Qəzza müharibəsinə səbəb olan 2023-cü il oktyabrın 7-də İsrailə hücumun baş memarı Sinvar, o vaxtkı lider İsmayıl Haniyənin avqust ayında Tehranda öldürülməsindən sonra HƏMAS-a lider seçilmişdi. İran Haniyənin qətlində İsraili günahlandırır.

Bu arada, Qəzzanın şimalındakı səhiyyə rəsmiləri cümə axşamı İsrail hava qüvvələrinin məcburi köçkün fələstinlilər üçün sığınacağa çevrilən məktəbə hava hücumu nəticəsində 5-i uşaq olmaqla, azı 14 nəfərin öldüyünü bildirib.

HƏMAS-ın rəhbərlik etdiyi militantlar bir il əvvəl, oktyabrın 7-də İsrailin cənubuna hücum edərək, əksəriyyəti mülki şəxs olmaqla, 1200-ə yaxın insanı qətlə yetirib, 250-yə yaxın insanı girov götürüb.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin cavab hücumu nəticəsində 42 mindən çox fələstinli ölüb. İsrail ordusu ölənlər arasında minlərlə militantın olduğunu bildirib.