Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi görkəmli şair Şah İsmayıl Xətainin (1487-1524) 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib.

Fərman bu il İngiltərənin məşhur “Christie’s” hərracında Azərbaycan vətəndaşı tərəfindən satın alınaraq Tarixi Muzeyinə hədiyyə edilib.

Sənəd Şah İsmayıl Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər ayının 25-i) imzalanıb. Fərman fars dilində, “qara şikəstə” üslubu ilə yazılıb və Xətainin möhürü ilə təsdiqlənib. Səfəvi hökmdarının mülkiyyət məsələlərinə dair fərmanlarından biri olan sənəd bütöv və möhürlü vəziyyətdə olması ilə xüsusi əhəmiyyət daşıyır.

Təqdimat mərasimində Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri iştirak ediblər.