Siyasi məhbus siyahısında inanclılar - Son illər siyahıda antirekord; İnanclılar (3-cü hissə)

Səbəbin aydınlaşdırılmasına varmazdan öncə son bir neçə ildə siyasi məhbus siyahısına qısa da olsa nəzər salmaqla məsələyə daha dəqiq yanaşmaq olar.
2024-cü il üçün üç müxtəlif zamanlarda hazırlanan məhbus sayları: Mart ayında hazırlanan 288 nəfərlik siyahıda inanclılar 208 nəfər, iyun ayında hazırlanan 303 nəfərlik siyasi məhbus sıralamasında inanclılar ən yüksək rəqəmlə, 216 nəfər, ilin ən son sentyabr ayında hazırlanan 319 nəfərlik siyahının yenə də anti-rekort sayı inanclılara tuşlanaraq bu rəqəm 227 nəfər üzərində saxladı.
2023-cü ilin fevralında hazırlanan siyahıda 93 siyasi məhbus qeyd edilib ki, bunlardan 29-u inanclıdır. Həmən ilin ikinci yarısına aid siyasi məhbusların yeni rəqəmləri 2 dəfə artaraq siyahıya 89 yeni inanclı adı daxil olaraq siyasi məhbusların sayı 182-ə yüksəlib. Bu dəfə inanclılar ilin əvvəlindən fərqli olaraq siyahıda 118-nəfərlə təmsil olunurlar.
2022-ci il üçün siyasi məhbus sayılan 100 nəfər müəyyən olunmuşdusa, burada inanclılar təxminən 18 nəfərlə Tərtər və Gəncə işi ilə bağlı saxlanılanlardan sonrakı pillədə dururdular.
2021-ci ilin əvvəlində siyasi məhbus siyahısına 122 nəfərin adı daxil edilir. Burada inanclılar 20 nəfərlə siyasi məhbusların yalnız 6-dan 1 hissəsini təşkil edib. Həmən ilin payızında hazırlanan siyahıya 146 nəfər qeyd edilib ki, inanclıların sayı 46 nəfəri təşkil edib. 2020-ci ildə 108 nəfərin siyasi məhbusun 43-ü inanclı, 2019-cu ildə siyahıya 119 siyasi məhbusu adı daxil edilib ki, onlardan 47-si inanclı, 2018-ci ildə hazırlanan 142 nəfərlik siyahıda inanclılar 83 nəfərdir. Bu siyahını genişləndirmək də olar, ancaq nəticə xüsusi olaraq dəyişən heç nə göstərməyəcək.
İllərlə siyasi məhbus saylarının artımı və inanclıların rəqəm yüksəlişi davam edir. Burada müxtəlif fikir və ittihamlar yer alsa da, bir məsələ öz həqiqətini qoruyur, siyasi məhbus sıralarında yer alan və yüksək rəqəm artımına səbəb olan inanclıların həbsi davam edir və onların sayı qeyd edilən rəqəmlərdən dəfələrlə çoxdur. Son illər minlər üzərində qeyd edilən inanclıların həbsi siyasiləşməyən sənədlər üzərinə gəlmədiyi üçün mətbuatın və beynəlxalq təşkilatların əksəriyyəti onlardan xəbərsizdir. Ancaq onların da həbs motivi bu gün siyasi məhbus kateqoriyasına daxil olan məhbusun həbsindən heç nə ilə fərqlənmir.
Onlar inanclıdırlar!
Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan ilk və hələ ki, son dini siyasi partiya Azərbaycan İslam Partiyası (AİP) olub. AİP 1991-ci ildən etibarən fəaliyyətə başlasa da qeydiyyata alındığı dövr bir il sonraya 1992-ci ilə təsadüf edib. Partiyanın funksionerlərinin həbsi ilə, 1995-ci ildə isə qeydiyyatı ləğv edilib.
Əlbəttə, AİP bundan sonra da qeydiyyat üçün müraciətlər edib və partiyanın müxtəlif rəhbərləri dövründə hüquqi rəsmiyyət almağa çalışıb.
O, eyni halda fəaliyyət planına müvafiq olaraq öz siyasi karyerasını qura bilib. Partiyanın son rəhbəri Hacı Mövsüm Səmədov olub ki, o 2011-ci ilin yanvarında bir neçə partiya üzvü ilə birlikdə saxlanılıb. Bundan sonra partiya sədr əvəzləri ilə idarə olunub. Sonuncu sədr əvəzi 2020-ci ilin fevralında həbs edilib və bunula da partiya faktiki olaraq tam fəaliyyətini dondurub.
Bu Azərbaycanda siyasi fəaliyyətə malik partiyanın qısa tarixidir. AİP istisna Azərbaycanda siyasi fəaliyyət göstərən hər hansı dini təmayüllü bir partiya və ya təşkilatın fəaliyyəti diqqət çəkmir ki, hakimiyyətin həbs siyasətini onun kürsü təhlükəsinə bağlamaq mümkün olsun.
 
 
3-cü hissənin sonu.