Con Podesta: Bütün dünyanın nəzərləri Azərbaycandadır

ABŞ Azərbaycanın COP29-da liderliyini yüksək qiymətləndirir.

Bunu oktyabrın 11-də Bakıda keçirdiyi brifinqdə ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta deyib.

Onun sözlərinə görə, ABŞ administrasiyası iqlim fəaliyyətlərində iştirak etməyə davam edir və bunu davam etdirəcək.

“Biz işin içindəyik. Prezident Obamanın Parisdə əsasını qoyduğu yola davam edəcəyik”, o bildirib.

Müşavir qeyd edib ki, iki həftə sonra Dünya Bankının iclası zamanı Azərbaycan tərəfi ilə COP29 sədrliyinin təşəbbüsü ilə yaradılmış İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna dair müzakirələr aparılacaq.

Bundan əlavə Con Podesta, həmçinin, Prezident İlham Əliyevlə görüşdüyünü və COP29-da uğurlu nəticənin əldə olunması üçün hazırlıq, insan haqları, Ermənistanla davamlı sülh sazişi imzalamaq üçün göstərilən səylər barədə fikir mübadiləsi apardığını qeyd edib.

Daha sonra ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta jurnalistlərin suallarını cavablandırıb.

Podesta COP 29-a sədrlik edən Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı suala cavabında deyib ki, “Azərbaycan COP 29-un ali sədri kimi, eləcə də ATƏT çərçivəsində insan hüquqlarına hörmət, mətbuat azadlığı, dialoqa sadiqliyi ilə bağlı öhdəliklər götürmüşdür. Ona görə biz gözləyirik ki, sədrlik öz öhdəliklərini yerinə yetirəcək və noyabrda tədbirin açıq və uğurlu keçirilməsini təmin edəcək”.

Podestanın sözlərinə görə, indi bütün dünyanın nəzərləri Azərbaycandadır, onun bu məsələnin öhdəsindən necə gələcəyindədir.

Müşavir qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP 28-də əldə edilən nəticələr Azərbaycan üçün örnək ola bilər.

Con Podesta həmçinin deyib ki, dünyanın gözündə COP-a uğurlu ev sahibliyi etmək üçün onun faktiki icrasında müəyyən açıqlıq, şəffaflıq və azadlıq standartları olmalıdır.

“Düşünürəm ki, biz Azərbaycan höküməti ilə çalışacağıq. Hesab edirik ki, Azərbaycanın marağındadır ki, COP 29 açıq və uğurlu alınsın. Bütün dünya bunun şahidi olsun. Bilirsiniz ki, buna dünya mediası əhəmiyyətli dərəcədə maraq göstərir. Və bu tədbirin yüksək səviyyədə keçirilməsinə diqqət yetirəcəklər", müşavir deyib.

ABŞ qanunvericiləri COP29 ərəfəsində Azərbaycanda insan haqları ilə bağlı Dövlət Katibinə müraciət edib

Oktyabrın 3-də ABŞ-ın 58 qanunvericisi Dövlət Katibi Antoni Blinkendən gələn ay keçiriləcək COP29 iqlim sammiti ərəfəsində "bütün məhbusların, girovların və hərbi əsirlərin müzakirəsi və qeyd-şərtsiz buraxılması" üçün Azərbaycana təsir etməsi xahişi ilə müraciət edib.

Azərbaycan prezidenti İlham Əliyev bu müraciəti "çirkin" adlandırıb, "iradəmizə təsir göstərməyəcək" deyə münasibət bildirib.

Bundan sonra Azərbaycan Milli Məclisinin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək ABŞ ilə münasibətlərə yenidən baxmağa, müdafiə sahəsində iki sazişə xitam verməyə, USAID-in Azərbaycanda fəaliyyətini dayandırmağa çağırıb.

Con Podesta ABŞ qanunvericilərinin məktubuna və bunun Azərbaycanla ABŞ arasındakı ikitərəfli münasibətlərə təsiri ilə bağlı suala cavabında deyib ki, həmin məktub qanunvericilərin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını əks etdirir və onlar nə ABŞ Dövlət katibinin nə də ki, hökumətin icraedici qolundan heç kimin təsirinə məruz qalmayıb.

“Nə üçün belə düşündüklərini həmin məktubu imzalayan [Konqes] üzvlərindən soruşmaq daha doğru olar. Onların bu mövzuda güclü fikirləri var və onları ifadə ediblər. Düşünmürəm ki, bu, [ABŞ] hökumətinin icraedici qolunun COP29-un uğurlu keçməsi üçün gördüyü işlərə təsir etməlidir.”

Onun sözlərinə görə, ABŞ Azərbaycanda COP29-u təşkil edən komanda ilə qurduğu güclü iş münasibətini davam etdirəcək. “Siz onlardan soruşsanız, Birləşmiş Ştatlardan güclü dəstək aldıqlarını və bizim COP29-un uğurlu keçməsini təmin etmək üçün yaxşı və güclü iş əlaqələrimizin olduğunu deyəcəklər,” müşavir bildirib.

Hüquq təşkilatları Azərbaycan hökumətinin COP29 ərəfəsində tənqidçilərinə qarşı repressiyaları artırdığına dair hesabat yayıb

Human Rights Watch (HRW) və Freedom Now beynəlxalq insan hüquqları təşkilatlarının oktyabrın 8-də yaydıqları birgə hesabatda qeyd edilir ki, Azərbaycan hökuməti COP29 ərəfəsində tənqidçilərinə qarşı repressiyaları artırıb.

“Azərbaycan hökumətinin vətəndaş azadlıqlarına sayğısızlığı müstəqil qrupları və tənqidi medianı məhvolma yoluna sürükləyir. Hökumətin COP29 ərəfəsində özü haqqında təqdim etdiyi obraz bu olmamalıdır. Hökumətin həbsdə olan tənqidçiləri azad edərək və vətəndaş cəmiyyətinə qarşı saxta ittihamlara dərhal son qoyaraq öz reputasiyasını yüksəltməsi üçün hələ gec deyil, lakin onlar indi hərəkətə keçməlidir”, Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Giorgi Qogiya deyib.

Azərbaycanın insan hüquqları sahəsində götürdüyü beynəlxalq öhdəlikləri xatırladan hesabat müəllifləri, hökuməti QHT-ləri və medianı tənzimləyən repressiv qanunları ləğv etməyə, siyasi motivli ittihamlarla həbs edilənləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar.

Rəsmi Bakı jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

 

AmerikanınSəsi