İnternet azadlığına görə Azərbaycan Belarus, İraq və Zimbabve ilə bir yerdədir

Dünyada internet azadlığı 14-cü ildir ardıcıl geriləyir. Senzura və kontentin manipulyasiyası seçicilərin dünyadakı seçkilərlə bağlı bilgili qərarlar vermə bacarığına zərbə vurub. Bunu "Freedom House" insan haqları təşkilatı 2023-cü ilin iyunundan 2024-cü ilin mayınadək olan dövrə aid hesabatında bildirir.
"İnternet azadlığı 2024" adlı hesabatın əhatələdiyi 72 ölkədən 27-sində onlayn insan haqlarının müdafiəsinin zəiflədiyi, 18-sində isə təkmilləşdiyi bildirilir.
100 bal internetin ən azad, 0 isə ən az azad olduğu ölkə deməkdir. 100-70 xal yığan ölkələr AZAD, 69-40 xal QISMƏN AZAD, 39-0 xal yığanlar isə QEYRI-AZAD ölkələr sayılıblar.
Reytinqin necə hesablanmasına gəlincə, burada internetə çıxışa əngəllər, kontentə məhdudiyyətlər və istifadəçi hüquqlarının pozulması nəzərə alınıb.
 
Azərbaycan və qonşuları
Azərbaycan 34 xalla yenə "qeyri-azad" ölkələr sırasında yer alıb, ötən illə müqayisədə 3 xal itirib. Belarus, İraq və Zimbabve Azərbaycanla bir sırada yer alıblar, 3 xal az qazanıb. Ən böyük düşüşü isə 4 xal geriləmə ilə Qırğızıstan əldə edib.