Oktyabrın 13-də Çexiyanın paytaxtı Praqada başlayan "Forum 2000" konfransında azərbaycanlı siyasi məhbuslarla bağlı məlumatları əks etdirən stendlər qoyulub.
2 gün davam edəcək konfransa təqdim olunan stendlərdə talış hüquqları tədqiqatçısı İqbal Əbilov, iqtisadçı alim Fazil Qasımov, "Toplum TV işi" üzrə saxlanılanlar, "Abzas Media işi" üzrə saxlanılanlar və digərləri barədə məlumatlar yer alıb.
"Forum 2000" konfransı uzun illərdir təşkil olunur və əsas məqsədi demokratik dəyərləri, insan hüquqlarını, vətəndaş cəmiyyətini və dini tolerantlığı təşviq etməkdir.
Builki konfrans insan hüquqları və siyasi azadlıqlar uğrunda davam edən mübarizəyə xüsusi diqqət yetirilib. Təşkilatçıları Azərbaycanda siyasi məhbuslara həsr olunmuş sərgi təşkil ediblər. Sərgi 11 paneldən ibarətdir və bu panellər Azərbaycan vətəndaş cəmiyyətinə qarşı baş verən son basqının miqyasını və ciddiliyini vizual olaraq göstərir. Bu vizual materiallar vasitəsilə sərginin məqsədi Azərbaycanda insan hüquqlarının pis vəziyyətinə dair məlumatlılığı artırmaq və siyasi məhbusların dərhal azadlığa buraxılması üçün təşviqat aparmaqdır.
"Forum 2000" demokratiya, insan hüquqları, vətəndaş cəmiyyəti və dini tolerantlıq kimi qlobal məsələlərə dair açıq dialoq qurmaq üçün beynəlxalq bir platformadır. 1996-cı ildə Vaslav Havel, Eli Vizel və Yohey Sasakava tərəfindən qurulmuş bu platforma, qlobal sülhə və demokratik idarəetməyə təhdid olan çağırışlarla mübarizə aparmaq üçün dünyanın tanınmış fikir adamlarını və liderlərini bir araya gətirməyə davam edir.
Abzas Media
Praqada keçirilən "Forum 2000" konfransında azərbaycanlı siyasi məhbuslarla bağlı məlumatları əks etdirən stendlər qoyulub