Dünya Ərzaq Proqramının Qəzza ilə bağlı dəhşətli açıqlaması

 Qəzzaya yardım axınının yenidən başlamaması halında 1 milyon insanın həyati dəstəkdən məhrum qalacağı bildirilib.

Birləşmiş Millətlər Təşkilatının mərkəzi İtaliyanın paytaxtı Roma şəhərində yerləşən Dünya Ərzaq Proqramından (WFP) bir ildir İsrailin hücumlarına məruz qalan Qəzza ilə bağlı verilən açıqlamada “Qəzza inkişaf edən Livan böhranının kölgəsində medianın diqqət mərkəzindən çıxarkən aclıq və qıtlıq təhdidi davam edir. Müharibənin başlamasından bir il sonra qəzzalıların dörddə üçü həyatda qalmaq üçün ərzaq yardımına güvənir, lakin həyati əhəmiyyətli maddələri çatdırmaq səyləri getdikcə artan çətinliklərlə üzləşir” ifadələri işlədilib.

Qəzza zolağına daxil olan yardımların son ayların ən aşağı səviyyəsinə endiyi söylənib: “Bu vəziyyət WFP-ni oktyabr ayında ərzaq bağlamalarının paylanmasını dayandırmağa məcbur etdi. Yardım axını yenidən başlamasa, 1 milyon insan bu həyati dəstəkdən məhrum qalacaq.”

İordaniya, Misir və Aşdod kimi fərqli koridorlarda təxminən 100 min ton ərzağın olduğu və bunun 1 milyondan çox insana 5 ay boyunca kifayət edəcəyi bildirilib. Keçid məntəqələrinin bağlanması və keçidlərdəki marşrut fasilələrinin yardım paylanmasını məhdudlaşdırdığı vurğulanıb.

Açıqlamada yaxınlaşan qış şərtlərində qəzzalıların sahib olduqları əşyaları sataraq pul və ya ərzaq tapmağa çalışdığı, şəhərin şimalında vəziyyətin yenidən pisləşdiyi, burada insanların gedəcək yerlərinin olmadığı və WFP-nin də onlara çatacaq bir yolunun olmadığı qeyd edilib.

WFP-nin “X” hesabından edilən paylaşımda “Qəzzadakı tədarük çatışmazlığı WFP-ni oktyabr ayında ərzaq paketi paylanmalarını dayandırmağa məcbur etdi” ifadəsi işlədilib.

Qəzzanın cənubunda və mərkəzi bölgəsində paylama olmadığı, çörəkxanalarda unun tükəndiyi bildirilən paylaşımda bəzi yerlərdə isti yemək mətbəxlərinin hələ də işlədiyi, şəhərin şimalında artıq heç bir şəkildə ərzaq paylanmasının aparılmadığı qeyd edilib.

 

 

Az.shafaqna