ABŞ: “Azərbaycanda müsəlman fəallar daha çox məhdudiyyətlərlə üzləşir”

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası 2018-ci il üçün növbəti illik hesabatını açıqlayıb.

Bu hesabatda 16 ölkə “xüsusi narahatlıq doğuran ölkələr” kateqoriyasına daxil edilib.

Hesabatda 2017-ci il ərzində 28 ölkədə dini azadlıqlar sahəsində baş vermiş tərəqqi və pozuntular sənədləşdirilib.

Komissiyasının sədri Daniel Mark hesabatı təqdim edərkən təəssüflə qeyd edib ki, bütün dünyada avtoritarlığa və terrorla mübarizə sahəsindəki əyintilərə görə dini azadlıqların meydanı daralıb.

2018-ci ilin hesabatında 16 ölkə xüsusilə narahatlıq doğuran kateqoriyaya aid edilib. Bunlardan 10-u – Birma, Çin, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan, Tacikistan Türkmənistan və Özbəkistan bu qrupa ABŞ Dövlət Departamentinin təqdimatı ilə daxil olunub. Daha 6 ölkə – Cənubi Afrika Respublikası, Nigeriya, Pakistan, Rusiya, Suriya və Vyetnamdır.

Hesabatın prinsipinə görə 2-ci dəstəyə dini azadlıqların üç əsas kriteriyasından ikisinin pozulduğu ölkələr aid edilir.

2018-ci ilin hesabatında bu qrupdakı 12 ölkə – Əfqanıstan, Azərbaycan, Bəhreyn, Kuba, Misir, Hindistan, İndoneziya, İraq, Qazaxıstan, Laos, Malayziya və Türkiyədir.

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, rəsmi Bakı 2017-ci ildə də dini azadlıqlara münasibətdə sərt mövqeyini dəyişməyib.

Hökumət dini fəaliyyətlərə müvafiq qanunlar və Cinayət Məcəlləsinin köməyi ilə tam nəzarət edir.

Hesabatda deyilir ki, protestantlara, Yəhvanın şahidləri təriqətinə və bəzi müsəlman qruplara qarşı polis reydləri 2017-ci ildə də davam edib.

Sənəddə qeyd olunur ki, dövlətin diqtə etdiyi qaydalara uyğun gəlməyən müsəlman liderlər saxlanır, cərimələnir və onların məscidləri dağıdılır.

Hesabatda Müsəlman Birliyi Hərəkatı üzvlərinin 12 nəfərinin müxtəlif ittihamlarla 12 ildən 17 ilədək azadlıqdan məhrum edildiyi xatırladılasa da, bu təşkilatın dini icma, yoxsa siyasi təşkilat olduğunun bəlli olmaması göstərilir.

Xatırladılır ki, 2017-ci ilin yanvarında eyni qrupdan daha 18 nəfər uzunmüddətli həbsxana cəzalarına məhkum edilib.

Hesabatda deyilir ki, 2015-ci ildə qanuna edilmiş dəyişikliyin tələbi ilə dini qruplar rəsmi orqanlarafəaliyyətləri haqqında illik hesabat verməyə məcburdurlar.

Bu da xatırladılır ki, Azərbaycanda başqa QHT-lər kimi dini icma və qrupların da rəsmi qeydiyyatı xeyli çətinləşdirilib. Mövcud qanunlar hökumətə dindarlara münasibətdə “tam və hüdudsuz səlahiyyətlər” verir.

Hesabat vurğulayır ki, Azərbaycanda əslində müsəlman təşkilatlar, başqa dinlərə aid qruplardan daha çox məhdudiyyətlə üzləşir.

Bu da bildirilir ki, ölkədəki siyasi məhbusların iki mövcud siyahısında təxminən 160 nəfər var və bunlardan 90-100-nün dini fəaliyyətlərinə görə məhbus edildikləri düşünülür.

azadliq.org