Şeyx Hacı Faiq Nəbiyev: “Ərbəin – Əhli-beytə (ə) məvəddət, birlik və mənəvi saflaşma məktəbidir”

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev az.shafaqna.com-un Ərbəin gününün mahiyyəti, bu müqəddəs ziyarətin mənası və məsafələrdən asılı olmayaraq bu ruhu necə yaşatmaq barədə suallarını cavablandırıb.

– Hacı, xoş gördük sizi. Ərbəin günü nədir?

– Xoş gördük. Bismillahir-Rəhmanir-Rəhim.

Lüğəti mənada “Ərbəin” ərəb dilində “qırx” deməkdir. Terminoloji olaraq isə Həzrət İmam Hüseynin (ə) və onun vəfalı səhabələrinin Aşura günü Kərbəlada şəhid olmasından qırx gün sonra, yəni Səfər ayının 20-nə təsadüf edən mənəvi gündür.

Ərbəin ziyarətinin əsasını qoyan ilk şəxs Peyğəmbərimizin (s) görkəmli səhabəsi Cabir ibn Abdullah Ənsari olmuşdur. O, Aşura faciəsindən sonra Kərbəlaya çatan, İmam Hüseynin (ə) müqəddəs qəbrini ziyarət edən ilk zəvvarıdır. Eyni zamanda, bəzi tarixi mənbələrə görə, Əhli-beyt əsirləri də Şamdan qayıdarkən məhz bu gün Kərbəlaya çataraq şəhidlərin məzarını ziyarət etmişlər.

– Bəs insanlar Ərbəin ziyarətinə niyə gedirlər? Bu yürüşün və ziyarətin hikməti nədir?

– Ərbəin ziyarətinə getməyin əsasında, ilk növbədə, Quranın da əmr etdiyi Əhlibeytə məvəddət - yəni dərin sevgi,  ehtiram və böyüyə itaət edərək sevmək mənasını verən bir ziyarətdir.  Bu, İmamət məktəbinə, haqq və ədalət yoluna sadiqlik nümayişidir.

Bu ziyarətin həm də çox böyük sosial və mənəvi mənası var. Milyonlarla insanın eyni məqsədlə, heç bir milli, irqi və ya sosial fərq qoymadan yan-yana addımlaması İslam ümmətinin birliyini, həmrəyliyini göstərir. Ziyarətçilər bu yürüşdə fədakarlığı, paylaşmağı və səbri tətbiq edirlər.

Bundan əlavə, Ərbəin yürüşü İmam Mehdi (ə.f) zamanındakı ədalət cəmiyyətinin və Zühurun bir mənəvi hazırlığıdır. İnsanlar burada bir-birinə qarşı təmənnasız xidmət göstərir, sülh və əmin-amanlıq mühiti yaradırlar.

– Hacı, müxtəlif səbəblərdən Ərbəin günü Kərbəlaya gedə bilməyənlər öz ölkələrində, evlərində nə etməlidirlər?

– Kərbəlaya gedə bilməmək İmam Hüseyn (ə) sevgisindən məhrum olmaq demək deyildir. Niyyət hər bir ibadətin özəyidir. Gedə bilməyən möminlər Ərbəin gününü öz ölkələrində, məscidlərdə, məhlələrində ehsan verərək mənəviyyatla qeyd edə bilərlər.

Ərbəin günündə uzaqdan da olsa “Ərbəin ziyarətnaməsi”ni oxumaq, İmam Hüseyn (ə) məclislərində iştirak etmək çox savabdır. İlk növbədə İmam Hüseynə (ə) matəmin tarixini, önəmini və əslini öyrənmək lazımdır. Həmçinin bilməliyik ki, İmam Hüseyn (ə) yolunu yaşatmaq təkcə göz yaşı tökməklə bitmir. Bu ruhu əməllərimizdə göstərməliyik:

Birlik və barışıq: Küsülülər barışmalı, aradakı soyuqluqlar aradan qaldırılmalıdır.

Böyüklərə ehtiram: Valideynlərə, ailə böyüklərinə baş çəkmək, onların xeyir-duasını almaq İmam Hüseynin (ə) bəşəriyyətə öyrətdiyi əxlaqın tərkib hissəsidir.

Ehtiyac sahiblərinə əl tutmaq: Kərbəla yolunda göstərilən səxavəti öz cəmiyyətimizdə də davam etdirməli, imkansızlara kömək etməliyik.

Unutmayaq ki, hər bir ibadətin və itaətin qəbul olunmasının əsas şərti təqvadır — yəni haramlardan çəkinmək, nəfsi tərbiyə etməkdir. Əgər bir şəxs çox arzu edir və Kərbəlaya gedə bilmirsə, lakin öz cəmiyyətində təqvalı yaşayır, insanlara fayda verir və Əhli-beyt əxlaqını nümayiş etdirirsə, o da Ərbəin zəvvarlarının savabına şərik ola bilər.

– Dəyərli müsahibəyə və xatırlatmalara görə çox sağ olun.

– Siz də sağ olun, Allah ziyarət və ibadətlərinizi qəbul eləsin.