Rusiya AZAL qəzasında ölənlərin ailələrinə 50 min dollar təklif edib, ailələr məbləğdən və şəffaflıqdan narazıdır

Rusiya hökumətinin 2024-cü ilin dekabrında baş vermiş AZAL təyyarəsi qəzasında ölənlərin ailələrinə 50 min dollar təzminat təklif etdiyi bildirilir. Sığorta ödənişlərindən ayrı nəzərdə tutulan bu məbləği nə Rusiya, nə də Azərbaycan rəsmiləri ictimaiyyətə açıqlayıb.

Bu barədə “OC Media” qəza qurbanlarının ailələrinə istinadən araşdırma yayıb. Ailələr ödəniş prosesinin uzun, mürəkkəb və qeyri-şəffaf aparıldığını, onlara verilən məbləğlərin hansı mənbədən ödənildiyinin izah olunmadığını deyirlər.

AZAL-a məxsus “J2-8243” saylı Bakı–Qroznı reysi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Onların arasında Azərbaycan vətəndaşları və təyyarənin heyət üzvləri də olub.

Təyyarənin Rusiya hava hücumundan müdafiə sisteminin raketi ilə səhvən vurulduğu bildirilir. Rusiya yalnız 2025-ci ilin oktyabrında hadisəyə görə məsuliyyətini etiraf edib. 2026-cı ilin aprelində isə iki ölkənin xarici işlər nazirlikləri qəzanın nəticələrinin aradan qaldırılması və təzminatların ödənilməsi barədə razılığa gəliblər.

Nazirliklərin birgə açıqlamasında yalnız tərəflərin “nəticələrin müvafiq qaydada tənzimlənməsi, o cümlədən təzminatların ödənilməsi” barədə razılaşdıqları bildirilib. Razılaşmanın detalları və ödəniləcək məbləğlər açıqlanmayıb.

“OC Media”nın məlumatına görə, ailələr 50 min dollarlıq təklifləri iyun ayından etibarən AZAL vasitəsilə almağa başlayıblar.

Qəzada oğlunu itirən və təhlükəsizlik məqsədilə adı açıqlanmayan şəxs deyib ki, 2025-ci ilin mayında AZAL və Rusiyanın “AlfaStraxovaniye” sığorta şirkəti ilə razılaşma imzalayıb. Sənədə əsasən, ona 183 min manat ödənilməli idi.

Zərərçəkən şəxs indiyədək bir neçə mərhələdə ümumilikdə 94 min dollar aldığını, lakin AZAL-ın bu vəsaitin hansı hissəsinin sığorta, hansı hissəsinin başqa ödəniş olduğunu izah etmədiyini bildirib.

Onun sözlərinə görə, ailəyə sonuncu ödəniş kimi 50 min dollar təklif olunub. Məbləğ ata, ana və ölən oğlunun dul arvadı arasında bölünməlidir. Hər birinə təxminən 28 min manat düşəcəyi bildirilib.

“Bu məbləğ azdır. Mən oğlumun sağ olmasını istəyərdim. Amma bu hadisə baş verib və biz indi onun ölümünə görə belə bir məbləği qəbul etmək istəmirik”, - Əli bildirib.

O, razılaşmada təyyarənin Rusiya raketi ilə vurulmasının qeyd edilməməsindən də narazıdır. Sənəddə yalnız təyyarənin təsadüfən vurulduğu yazılıb.

“Hətta Prezident İlham Əliyev də təyyarəni Rusiyanın vurduğunu deyib. Bütün ailələr bu bənddən narazıdır. Bunun niyə belə yazıldığını heç kim bizə izah etməyib”, - o əlavə edib.

“OC Media” xatırladır ki, oxşar hadisələrdə daha yüksək məbləğlər təklif olunub. İran İnqilab Keşikçiləri Korpusunun 2020-ci ildə Tehran–Kiyev reysini yerinə yetirən Ukrayna təyyarəsini vurmasından sonra İran əvvəlcə ölən 176 nəfərin hər birinin ailəsinə 80 min dollar təklif etmişdi. Sonradan bu məbləğ hər qurban üçün 150 min dollara qaldırılmışdı.

Azərbaycan da Rusiyadan təzminat ödənilməsini, hadisəyə görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilərək cəzalandırılmasını tələb edib. Lakin raketin buraxılması əmrini verən və ya onu atan şəxslər barəsində cinayət məsuliyyətinə cəlbetmə prosesinin hansı mərhələdə olduğu məlum deyil.

 

“Bu pulla dolanmaq mümkün deyil”

Qəzada ailənin əsas gəlir gətirən üzvü olan oğlunu itirmiş 61 yaşlı Zeynəbə də 28 min manat təklif edilib.

O bildirib ki, bu məbləğ gündəlik xərclərini ödəməyə kifayət etməyəcək. Azərbaycan qanunvericiliyinə əsasən, 65 yaşına qədər yaşa görə pensiya ala bilmədiyini deyən Zeynəb başqalarının maddi yardımından asılı vəziyyətə düşmək istəmədiyini söyləyib.

“Bilirəm ki, heç bir pul oğlumu geri qaytara bilməz. Amma yaşamaq üçün müəyyən məbləğə ehtiyacım var”, - o bildirib.

Rusiya hökumətinin təzminatından başqa, AZAL və “AlfaStraxovaniye” şirkətinin də ayrıca sığorta ödənişləri etməsi nəzərdə tutulur.

Bu ödənişlər aviaşirkətlərin qəzanın səbəbindən asılı olmayaraq zərərçəkənlərə təzminat ödəməsini nəzərdə tutan Monreal Konvensiyasına əsaslanır. Həm Azərbaycan, həm də Rusiya konvensiyaya qoşulub.

Qəzadan bir gün sonra AZAL ölənlərin ailələrinə 40 min manat, sağ qalanlara isə 20 min manat ödəyəcəyini açıqlamışdı. Rusiya qanunvericiliyinə əsasən, “AlfaStraxovaniye” də qurbanların ailələrinə iki milyon rubl məbləğində ödəniş etməli idi.

Sığorta ödənişlərinin məbləği hər bir sərnişinin yaşı, ailə vəziyyəti, işi və gəlirlərindən asılı olaraq dəyişə bilər.

“AlfaStraxovaniye”nin məlumatına görə, 2025-ci ilin fevralından etibarən yaralananlara və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl ödənilib.

 

Ailələrə məbləğlərin mənbəyi izah edilmir

Qəzada ölənlərdən birinin ailəsi “OC Media”ya bildirib ki, ödənişlər ailə üzvlərinə qohumluq dərəcəsindən asılı olaraq müxtəlif məbləğlərdə verilib.

Ölən şəxsin bacılarının hər birinə 24 min manat, azyaşlı oğluna 85 min 489 manat, həyat yoldaşına 51 min 865 manat, anasına isə 81 min 168 manat ödənilib.

Ailə üzvlərinin sözlərinə görə, AZAL onlardan aldıqları məbləğləri ictimaiyyətə açıqlamamağı “israrla” istəyib.

Qəza qurbanlarından birinin başqa bir qohumu isə AZAL-ın ailədən razılaşmanı imzalamasını və 50 min dollarlıq təklifi qəbul etməsini tələb etdiyini bildirib.

Qəzadan sağ çıxan sərnişinlərdən biri də anonimlik şərti ilə deyib ki, AZAL ona təzminat vəd etsə də, indiyədək heç bir ödəniş almayıb.

2025-ci ilin sentyabrında Rusiya tərəfi “AlfaStraxovaniye”nin təyyarənin tam sığorta dəyəri olan bir milyard rublu AZAL-a ödədiyini açıqlamışdı. Bildirişdə sərnişinlərə də 358,4 milyon rubl verildiyi qeyd olunmuşdu.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə həmin vaxt Rusiyanın açıqlamasını tənqid etmişdi. O bildirmişdi ki, bu məbləğlər sığorta şirkətinin ödədiyi vəsaitlərdir və Azərbaycan hökumətinin Rusiyadan tələb etdiyi təzminatla əlaqəsi yoxdur.

“Rusiyada qeydiyyatdan keçmiş sığorta şirkətinin AZAL-a və sərnişinlərə etdiyi ödənişlərlə ölkəmizin təyyarənin vurulmasına görə Rusiya hökumətindən tələb etdiyi təzminat tamamilə fərqli məsələlərdir. Sığorta ödənişlərini Rusiya hökumətindən tələb olunan təzminatla eyniləşdirmək yolverilməzdir”, - Hacızadə bildirmişdi.

“OC Media” yazır ki, buna baxmayaraq, sonrakı aylarda Azərbaycanda hökumətyönlü media məsələni geniş işıqlandırmayıb, ölən və yaralananların yaxınlarına isə jurnalistlərlə danışmamaq tövsiyə olunub.

AZAL nəşrin suallarını cavablandıracağını bildirsə də, material dərc olunanadək açıqlama verməyib.

Vəkil Yalçın İmanov ödənişlərlə bağlı şəffaflığın olmamasını tənqid edib. Onun fikrincə, barışıq və ya mediasiya razılaşmasının məxfi elan olunması düzgün deyil.

“Belə bir sənədə məxfi statusun verilməsi tamamilə əsassızdır və insanlarla manipulyasiya edilir. Burada məxfi sayıla biləcək heç nə yoxdur”, - vəkil bildirib.

İmanov qəza ilə bağlı yekun istintaq başa çatmadan ailələrə razılaşma imzaladılmasını da problemli hesab edir.

Azərbaycan Xarici İşlər Nazirliyi “OC Media”nın sorğusunu cavablandırmayıb. Nəşr Qazaxıstan və Qırğızıstandan olan zərərçəkənlərə Rusiyanın ödədiyi təzminatlar barədə də məlumat əldə edə bilməyib.