Ruhani Mənsur Vəlişov quru aclıq aksiyasına başlayıb

Narkotik ittihamı ilə şərlənib həbs edilən dindar məhbus Mənsur Vəlişov hazırda saxlanıldığı Lənkəran Penitensiar Kompleksində amansız rəftarla üzləşib. Bu barədə onun ailəsi məlumat verib:

"Mənsur heç bir səbəb olmadan "kars"a salınıb. Bu haqsızlığa etiraz olaraq o, 4 gündür quru aclığa başlayıb. Bu yayın qaynar istisində, havasız, istidən divarları təndir kimi yanan darısqal cəza kamerasında ac-susuz qalmağın necə dəhşətli olduğunu təsəvvür etmək çətindir.

Mənsur danışarkən telefonu kəsdilər, sözü yarımçıq qaldı. Çünki Mənsur Lənkəran Penitensiar Kompleksində məhbuslara qarşı edilən vəhşiliklərdən danışırdı.

Pentensiarın əməkdaşları məhbusların ailə üzvləri ilə olan telefon danışığını izləyirlər və istədikləri vaxt kəsirlər.

Mənsur bu ölkənin vətəndaşıdır. Üzümü tuturam burdan bütün aidiyyəti dövlət orqanlarına və övladımın vətəndaşlıq və məhbus hüquqlarının pozulmasına etiraz edirəm. Lənkəran Penitensiar Kompleksinin rəisi Babək İsgəndərovun özbaşınalıqlarına son qoyulmasını tələb edirəm.

Mənsuru yenidən Umbakı Pentensiar Kompleksindəki qapalı tipli həbsxanaya göndərmək üçün heç bir səbəb olmadan karsa salırlar, mənəvi işgəncə verirlər.

Xocalı soyqırımını törədən qatil ermənilərə qarşı Azərbaycan həbsxanalarında edilən hörmətin, göstərilən qayğının mində birini də günahsız məhbuslara göstərsinlər.

Yalan-palanla hər şeyin üstünü örtməyə çalışanlar bilsinlər ki, Allahın hər şeydən xəbəri var və Allahın cəzasından xilas olmaq mümkün deyil."

 

Arzu Abdullah