İlham Baxşəliyev nədən qorxur ki, vəkili ciddi yoxlamaya məruz qoyur?

Vəkil Nazim Musayev 16 saylı Cəzaçəkmə Müəssisəsində vəkil sirri təşkil edən sənədlərinin yoxlanıldığını deyir.

O, bu barədə iyulun 31-də sosial media hesabında paylaşdığı videomüraciətində bildirib.

Vəkil daha öncə - iyulun 28-də etdiyi videomüraciətdə isə demişdi ki, cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşdən sonra 1 saata yaxın saxlanılıb və müəssisə rəisi onun qeydlərini cırıb.

N.Musayev bu dəfə də eyni məhkumla görüşdən sonra cəzaçəkmə müəssisəsinin əməkdaşı tərəfindən sənədlərinin yoxlanıldığını bildirib. Vəkilin sözlərinə görə, əməkdaş yalnız telefon zəngi ilə rəisin razılığını aldıqdan sonra onun sənədlərini qaytarıb və getməsinə icazə verib.

N.Musayev ədliyyə naziri və Penitensiar Xidmətin rəisinə müraciət edərək hadisənin araşdırılmasını istəyib.

"16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi İlham Baxşəliyev nədən qorxur ki, vəkili ciddi yoxlamaya məruz qoyur? Yəqin ki, cəzaçəkmə müəssisəsinin fəaliyyətində ciddi nöqsanlar mövcuddur və o, bu nöqsanların ictimailəşməsindən ehtiyat edir. Keçən dəfə qeydlərimi məhv etməsinin səbəbi də budur", - o əlavə edib.