Zümrüd Yağmur: "Tale Bağırzadə hər nə olursa olsun, xoşbəxtdir"

Yazıçı Zümrüd Yağmur "facebook" sosial şəbəkəsində ilahiyyatçı Tale Bağırzadə ilə bağlı fikirlərini paylaşıb. Zümrüd Yağmur bu yazını ilahiyyatçının doğum gününə həsr edib. Yazıçının ictimaiyyət üçün maraq doğura biləcək fikirlərini olduğu kimi paylaşırıq:  

İki il öncə, iyul ayının 19-da “Nardaran işi”ndə əslində, bütün ölkənin tanıdığı, amma eyni zamanda heç kimin də tanımadığı adamı ilk dəfə məhkəmənin keçirilməsi üçün ayrılmış zalda, qırmızı, tozdan kirlənmiş, naxışları solub təravətini itirmiş xalçanın üzərindən adlayıb dəmir qəfəsə yaxınlaşan, əllərini irəli uzadıb qandalın açılmasını səbrlə gözləyən Tale Bağırzadəni gördüm. O günə qədər hamının müxtəlif ittihamlarla ittiham etdiyi, gah İran agenti, gah da terrorçu kimi təqdim etməyə çalışdığı bir insan indi qarşımda idi və nəzarətçiyə astadan nəsə deyib gülümsündü. Üzündə qəribə, o zaman hələ səbəbi mənə bəlli olmayan bir az təbəssümün, bir az ironiya, bir az zarafatın, bir az da kədərin qatıldığı nəsə qarışıq bir ifadə vardı. Əlləri açılan kimi zala döndü və bir az əvvəl qandala vurulub azadlığı əsir götürülən əlini sinəsinə qaldırıb hamını salamladı.

Mənimlə də ilk dəfə o zaman salamlaşdı. “Necəsiniz bacım?” dedi.

6 ay sürən məhkəmə boyunca səbr və təmkinini pozmadı. Amma zarafatlarından, ironiya və yumorundan da qalmadı. Hətta hakim əsəbləşib kobudluq edəndə ona konfet uzadıb “cənab hakim, alın bunu yeyin, biz az ağzınız şirinlənsin” deyə biləcək qədər nikbin biri... Ən qəribəsi də o idi ki, nəzarətçilər onu bir mənalı şəkildə eşidirdi, nə deyirdisə, edə bildiklərini edir, edə bilməyəndə qarşısında günahkarmış kimi ondan bağışlanmalarını istəyirdilər. Ən qəribəsi də o idi ki, istədiyi həyata keçməyəndə ondan üzr istəyən nəzarəçilərə o qədər mehribanlıqla və anlayışla cavab verirdi ki, mən o zaman hər kəsin ona niyə sayğı ilə yanaşdığının sirrini çözdüm.
Hər kəsə anlayışla yanaşırdı. Kimsəni yarğılamırdı, ittiham etmirdi. Hətta ona işgəncə vermiş adamlarla (?) belə üzləşəndə onlara lənət oxumadı, əksinə, “Allah sizə hidayət etsin” dedi. Bunu da gəlişi gözəl sözlər kimi demirdi, içdən və səmimi... O bu rejimin əsir alıb alcaltdığı, zalıma çevirib işgəncə verəcək qədər aşağıladığı adamlara doğrudan doğruya Allahdan hidayət arzulayırdı. 

Hüqonun Yepiskopu Jan Valjanın ruhunu yaxşılıqla xilas etdiyi kimi, o da “Bandotdel”in divarları arasında günahsız insanlara işgəncə verib mahiyyətdəsə, öz insanlıqlarını öldürüb dara çəkənlərin ruhuna sağlıq diləyirdi. Və hamısını bağışladı, təkçə bir nəfərdən başqa... O “bir nəfər” onun böyük inam və qəlbinin amnistiyasına düşə bilmədi, niyə, bilmirəm.

Amma əminəm ki, o dörd divarlar arasında bizim eşitdiyimizdən artıq nələrsə olub. Daha çox işgəncə, eşitmədiyimiz, dilə gətirilməyən, amma o məhkəmə zalında hər kəsin hiss edib acısını yaşadığı işgəncələr...

***

Ona hökm oxunanda yenə üzündə artıq mahiyyətini anladığım təbəssüm vardı. Bu təbəssümün mahiyyəti inamdı, bu rejimin, zalımlığın və zülmün bitəcəyinə olan inam. Təkçə “Allah bu zülmü götürməz” deyimi ilə bəslənən bir inam da deyidli, iradə və şüurla, məntiqlə seçilən, bəslənən bir inamdı. “İlham Əliyevə səslənirəm, qoy mənə ölüm hökmü versin. Mən ölümə gülə-gülə gedərəm və o görər ki, bu ökədə hələ də ölümə gülə-gülə gedəcək insanlar var” sözlərini dedirdəcək inamdı Tale Bağırzadənin inamı...
Biz buna bənzər cümlələri vaxtı ilə müharibədən,ya da hansısa tarixi qəhrəmanlardan bəhs edən əsərlərdən oxumuşduq. Uşaqlıq illərimin xatirələrində buna bənzər cümlələr vardı, hansı ki o cümlələrdən boğazım qəhərlənmişdi. Uşaqlıq illərimin qəhrəmanı Ovod son dəfə padresi ilə görüşdə qaçığı deyil, ölümü seçən insan iradəsinin kitab səhifələrinə tökülən qüdrəti məni vəcdə gətirib ağlatmışdı. Acı duymuşdum, indiyə qədər bir insanın öz prinsipləri və inamı üçün soyuqqanlı şəkildə ölüm seçə bilməsinin qüdrəti o zaman məni sarsıtmıdı. 

Tale Bağırzadənin cümləsi mənə o illərin qəhərini, kədərini və insan iradəsinin gücünü xatırlatmışdı. 

Məhkəmədən çıxıb evə döndükdə “əgər Tale Bağırzadəyə ölüm hökmü verilsəydi, o yaxılarına, doğmalarına son məktubunda nə yazardı?” sualı keçmişdi beynimdən... 
Eynən mənim uşaqlıq illərimin qəhrəmanının son cümləsi “mən xoşbəxt bir kəpənəyəm, yaşasam da, ölsəm də...” kimimı olardı? Bilmirəm, amma əminəm, bir şeydən qəti minəm, Tale Bağırzadə hər nə olursa olsun, xoşbəxtdi. Hər nə olursa olsun... Məsələn, Onu Qobustan həbsxanasında belə gəzməyə tək çıxarırlar, digər insanlarla ünsiyyətindən qorxurlar. Bunu bilir və gücünü, kimliyini anladığı üçün xoşbəxtdir.

Yaşadığımz illərin bir çox qəhrəmanları kimi, Tale Bağırzadənin də kimliyinin miqyasını hələ tam dərk edə bilmirik. İncildə deyildiyi kimi, “peyğəmbəri evində və elində qəbul etmirlər” . Biz də bu gün yaşadığımız zəmanənin zülmkarlarına qarşı aparılan mübarizənin “peyğəmbərlərini” bəzən dərk, bəzən də qəbul edə bilmirik.

P.S
Bir dəfə məhkəmə başlamadan öncə ittiham olunanlarla söhbət edirdim. Mənə yanaşdı və “bacım, mənim adımı mətbuatda Tale yazsınlar,Taleh kimi deyil” dedi. O zaman səbəbini söruşmadım. Sonralar da hər zaman Tale yazdım, amma elə hey fikirləşirdim, niyə bir hərfə bu qədər həssasdı, fərq nədir ki? Nəhayət, bu gün araşdırıb öyrəndim fərqi... Və anladım ki, o bir hərfin dəyişə biləcəyi anlamın ad şəkilidə olsa belə üzərinə kölgə salmasını istəməyib.

***

Bu gün zəmanəmizin hələ də bir mənalı qəbul olunmayan qəhrəmanlarından birinin, Tale Bağırzadənin doğum günüdür...
Təbrik edirəm.