Tale Bağırzadə: "Biz bu ölkədə xaos, qan tökülməsini istəmirik"

"Əziz bacı qardaşlarım, bu rejim bizdən, MBH-dən nə istəyir? Yoxsa düşünürlər ki, bizə qarşı silah işlətməklə, dostlarımızı qətlə yetirməklə silaha sarılacağıq?" - bu sözləri Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bir neçə gün əvvəl hüquq mühafizə orqanları tərəfindən qətlə yetirilən Sərxani Ağa Hüseyn oğlu ilə bağlı verdiyi bəyanatda deyib.

Bəyanatı ilahiyyatçının yaxınları yayıblar. Rakurs TV-nin məlumatına görə Tale Bağırzadə bəyanatda Ağa Sərxaninin şəhid olduğunu bildirib:

“Əziz həmvətənlərim!

Məlum Gəncə hadisələri baş verən gündən bu yana ölkədə artıq bir-birinin ardınca qətllər baş verir. Yaxın günlərdə daha bir vətəndaşımız, heç bir günahı olmadan namərdcəsinə qətlə yetirilən Ağa Sərxani MBH-nın ən fəal üzvü olmaqla yanaşı, tanıdığım ən ləyaqətli insanlardan biri idi. O, vəfalı dostum, əqidə yoldaşım, sədaqətli silahdaşım, bir sözlə, canımdan çox sevdiyim qardaşımdır. Zindanın dörd divarları arasında onun şəhadət xəbərini eşitməyim məni sözlərlə ifadə edə bilməyəcəyim qədər dərindən sarsıtdı. Özümə yalnız onunla təskinlik verdim ki, Ağa ləyaqət tələb edən, hər kəsin çata bilmədiyi şəhadət məqamına qovuşdu. Onu tanıyanlar bilir ki, Ağa ağıllı, əxlaqlı, səbrli, zülmlə barışmayan, öz əqidəsi uğrunda canından belə keçməyə hazır şəxsiyyət idi. Elə bu səbəbdən də Allahu-Təala onu aramızdan seçərək şəhadət məqamı ilə şərafətləndirdi.

Artıq o bizimlə bu dünyada birgə yaşamır. Lakin onun haqqında olan xatirələr, əqidəsi, dirəniş əzmi həmişə bizimlə olacaq. Bundan sonra Ağanın özündən sonra qoyub getdiyi ideallar uğrunda savaşmaq artıq bizim üzərimizə düşür və inanıram ki, Ağanı sevənlər bundan sonra daha da əzmlə hər kəsin hürr yaşaya biləcəyi ölkənin qurulmasına çalışacaq. Onu heç vaxt unutmayacağıq".

Ağa həm də öz şəhadəti ilə hərəkatımızın başını uca edərək bizi qürurlandırdı.

Ağa Sərxani

İlahiyyatçı bununla belə qeyd edib ki, Müsəlman Birliyi heç bir surətdə şiddətə əl atmayacaq:

"Əziz bacı qardaşlarım, bu rejim bizdən, MBH-dən nə istəyir? Yoxsa düşünürlər ki, bizə qarşı silah işlətməklə, dostlarımızı qətlə yetirməklə silaha sarılacağıq? Bu, əsla olmayacaq. Biz canımız qədər sevdiyimiz Azərbaycanımızı Suriyaya çevirmək istəmirik. Biz bu ölkədə xaos, qan tökülməsini istəmirik. Bunu istəyən və edən elə hakimiyyətin özüdür ki, dinc vətəndaşa qarşı silah işlədir. Qoy onlar bir dəfəlik anlasın ki, bizim silahımız əqidəmiz, düşüncəmiz, bütün varlığımızla zülümkarlar qarşısında dik duruşumuzdur. Öz zehniyyəti ilə ölkəni Orta əsr qanunları ilə idarə edənlərin heç şübhəsi olmasın ki, bu, sona qədər də belə olacaq.

Bizim tək istək və duamız ondan ibarətdir ki, Allah tez bir zamanda bu əziz xalqın əli ilə rejimi cəzalandırsın. Duamız və istəyimiz odur ki, Azərbaycanımız həm də bu dünyada yaşaya biləcəyimiz cənnət olsun. Duamız və istəyimiz odur ki, zalımlar məzlumun ahına tuş olub layiq olduğu cəzanı alsın.

Amin!”

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu Yunis Səfərovla birlikdə Elmar Vəliyevə sui-qəsd planı hazırlayıb. Onun Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olduğu və silahlı müqavimət göstərdiyi üçün öldürüldüyü bildirilir.