Deyir ki, təxminən bir həftə öncə Ədliyyə naziri yanında Penitensiar sistemə İctimai Nəzarət Komitəsinin üzvləri Əliməmməd Nuriyev və Səadət Bənənyarlı Qobustan həbsxanasında T.Bağırzadə görüşüb: «Evlə telefonla danışarkən dedi ki, onlarla bir xeyli danışıb. Hətta internetdə yayılan səs yazısı, Taleh Bağırovun ona cavabına qədər bir çox şeyləri soruşublar, o da cavab verib. Əfvdən söhbət düşəndə Taleh Bağırzadə onlara deyib ki, nə özü əfv yazıb, nə də kimsənin onun üçün müraciət etməsini istəyir».
L.İsmayılzadə deyir ki, İctimai Komitənin üzvləri ilə görüşdən sonra da həyat yoldaşına təzyiqlər davam edir. Xanımının sözlərinə görə, T.Bağırzadə telefonla danışanda deyib ki, əvvəl heç olmasa, hökumətyönlü qəzetləri ona verirdilər, artıq onu da vermirlər: «Adamı tam informasiya blokadasında saxlamağa çalışırlar. Deyir, evlə danışanda da bir nəfər əməkdaş düz yanında dayanıb qulaq asır, biri başqa telefonla dinləyir, həm də səsini yazırlar. Mən özüm də bunu aşkar hiss eləmişəm. Bütün danışıqları dinlənilir, yazılır».
İctimai Komitənin koordinatoru S.Bənənyarlı Azadlıq Radiosuna T.Bağırzadə görüşdüklərini təsdiqləyib. Onun sözlərinə görə, ilahiyyatçı həmin vaxt saxlanma şəraitindən şikayətçi olmayıb: «Bir qədər əvvəlki hadisələr haqda danışıqlarımız oldu, müəyyən məlumatlar verdi. Biz martın 7-də görüşmüşük, konkret həmin vaxta aid şikayəti olmadı. Qəzetlərin verilməməsinə gəlincə, həyat yoldaşı bizi məlumatlandırsın, biz mütləq araşdırarıq».
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Azadlıq Radiosuna bildirib ki, məhkumların telefon danışıqlarının dinlənilməsi qanunidir: «Burada qanunazidd heç nə yoxdur. Əksinə, təhlükəsizlik və s. məsələlər baxımından, buna bizim ixtiyarımız var».
T.Bağırova abunə olduğu qəzetlərin məqsədli şəkildə çatdırılmamasına gəlincə, M.Sadıqov deyir ki, belə bir hal yoxdur. Şöbə rəisinin sözlərinə görə, bəzən poçt xidmətində problemlər yaranır, yaxud başqa səbəblərdən gecikmələr ola bilər: «Amma bunun məqsədli şəkildə «qəzetlərin verilməməsi» kimi qiymətləndirilməsi doğru deyil. Necə olur, bu vaxta qədər verirdik, indi yox? Doğru deyil».
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırzadə 20 il həbs cəzasına məhkum edilib.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.
"Bütün danışıqları dinlənilir" - Tale Bağırzadənin xanımı
Oxşar xəbərlər