"Reuters": Aviadaşıyıcılar yanacaq çatışmazlığına dair proqnozları qəsdən yumşaldır

Avropa aviaşirkətləri, hava limanları və turizm operatorları yay mövsümü ərəfəsində turistləri sakitləşdirmək və gəlirlər üçün əsas olan dövrdə rezervasiyaların azalmasının qarşısını almaq məqsədilə aviasiya yanacağı çatışmazlığı ilə bağlı riskləri qəsdən azaldırlar.

Bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunub ki, sənaye nümayəndələrinin mövqeyi dünya neft axınlarının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı vasitəsilə neft tədarükündə davam edən fasilələr fonunda treyderlərin pessimist proqnozları ilə üst-üstə düşmür. Fars körfəzi ölkələri Avropaya aviasiya yanacağı tədarükünün təxminən dörddə birini təmin edir.

"Həmişə "yanacağımız tükənir" demək istəyən insanlar tapılacaq. Lakin bunun heç bir əlaməti yoxdur. Böhranın ilk növbədə yanacağın fiziki mövcudluğuna deyil, qiymətlərə təsir edəcəyi gözlənilir", - agentlik Avropanın ən böyük turoperatoru TUI-nin baş direktoru Sebastian Ebelin sözlərini sitat gətirib.

Bununla yanaşı, "Reuters" qeyd edib ki, Beynəlxalq Enerji Agentliyi (IEA) xəbərdarlıq edib ki, Yaxın Şərqdə davam edən münaqişə səbəbindən bu il dünya neft bazarı təklif çatışmazlığı ilə üzləşə bilər. "LSEG Workspace" məlumatlarına görə, Amsterdam - Rotterdam - Antverpen zonası da daxil olmaqla bəzi Avropa regionlarında aviasiya yanacağı ehtiyatları artıq rekord aşağı səviyyələrə yaxındır.

"Lufthansa"nın rəhbəri Karsten Şpor bildirib ki, şirkətin yanacaq ehtiyatları ən azı iyulun ortasına qədər kifayət edəcək. Onun sözlərinə görə, daşıyıcının standart aviasiya yanacağı tədarükünün təxminən dörddə biri Fars körfəzi ölkələrinin payına düşürdü, lakin həcmlərin bir hissəsi artıq digər regionlardan tədarüklərlə əvəz edilib, qalan pay isə ehtiyatlarla kompensasiya olunur.

Öz növbəsində "Wizz Air"in rəhbəri Yojef Varadi qeyd edib ki, aviasiya yanacağının qiymətlərinin kəskin şəkildə artması tədarükçüləri alternativ marşrutlar və tədarük mənbələri axtarmağa stimullaşdırır: "Düşünmürəm ki, yanacağımız tükənəcək".