Tale Bağırzadənin işi icraata götürüldü

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti icraata götürülüb.

Bu barədə Rakurs TV-ə Tale Bağırzadənin vəkili Yalçın İmanov məlumat verib. Vəkilin sözlərinə görə, apellyasiya şikayəti üzrə məhkəmə prosesi hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.

2015-ci ilin noyabr ayının 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyatdan sonra saxlanılan Tale Bağırzadə, Fuad Qəhrəmanlı və digər 16 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb. Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada iki polis əməkdaşı da daxil olmaqla 6 nəfər öldürülüb. Müttəhim tərəfi isə hakimiyyəti tənqid etdiklərinə görə, həbs olunduqlarını bildirirlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tale Bağırzadə 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev 14 il 6 ay, Cabbar Cabbarov 19 il, Cahad  Babakişizadə 14 il 6 ay, Şamil Abduləliyev14 il 6 ay, Aqil İsmayılov 14 il 6 ay, Ramin Yariyev 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər. Bir sıra yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar Tale Bağırzadə və digərlərini siyasi məhbus olaraq tanıyıb.