Haredi lideri Netanyahu İlə ittifaqın bitdiyini açıqladı

Fələstin ərazilərində litvalı haredi cərəyanının ruhani lideri Rav Dov Lando Baş nazir Benyamin Netanyahu ilə siyasi ittifaqın artıq mövcud olmadığını açıqlayıb.

Lando “Diqel HaTorah” partiyasının knesset üzvlərinə ünvanladığı məktubda bildirib: “Artıq baş nazirə etibarımız yoxdur və özümüzü onun tərəfdaşı hesab etmirik. Ona qarşı heç bir öhdəliyimiz qalmayıb.”

Ruhani lider bundan sonra yalnız haredi yəhudiliyinin maraqlarına uyğun qərarlar verəcəklərini vurğulayıb. O əlavə edib ki, İsraildə mümkün qədər tez növbədənkənar seçkilər keçirilməlidir.

Lando qeyd edib ki, uzun müddətdir davam edən siyasi “blok” və ya ittifaq anlayışı artıq qüvvədə deyil.

Rav Dov Lando “Slobodka Yeşivası”nın rəhbəri hesab olunur və ultraortodoks yəhudi dini çevrələrində mühüm nüfuza malikdir. O, uzun müddətdir sionizm və dini-sionist cərəyanları tənqid edən mövqeyi ilə tanınır.

Son dövrdə Netanyahu hökuməti ilə haredi dairələri arasında xüsusilə hərbi xidmət qanunları və dini məktəblərə ayrılan maliyyənin azaldılması ehtimalları ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.

İsrail mediası qeyd edir ki, bu açıqlama Netanyahu üçün ciddi siyasi zərbə hesab olunur. Baş nazir seçkilər öncəsi əsas koalisiya tərəfdaşlarından birini itirmək təhlükəsi ilə üzləşib.

Eyni zamanda keçmiş baş nazirlər Naftali Bennett və Aviqdor Libermanın Netanyahuya qarşı yeni siyasi ittifaq formalaşdırdığı bildirilir. Keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun da bu blokda yer ala biləcəyi ehtimal olunur.